II ixtisas qrupu üzrə 700 bal toplamağa namizəd: Əsas hədəfim UNEC tələbəsi adını qazanmaq olub

05 İYUL 2019 | OXUNUB:
70

Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən Şəhriyar Səmədov “UNEC-də 1 gün” layihəsində iştirak edib.

Valideyni ilə birlikdə UNEC-də olan Ş.Səmədova universitetdəki təhsil imkanları, xüsusi təqaüd, ikili diplom və mübadilə proqramları barədə məlumat verilib. İngilis dilində təhsil almaq istədiyini bildirən Şəhriyar Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) dekanı Aqil Əzizovla görüşüb. Şəhriyara həmin fakültədə təhsil alan tələbələrin II ixtisas qrupu üzrə qəbulda ən yüksək nəticə göstərdiklərini deyən dekan, 2018-2019-cu tədris ili üçün Prezident təqaüdünə layiq görülən tələbələrin 75%-nin də məhz bu fakültəni seçdiyini bildirib.

Görüşdə qeyd olunub ki, fakültədə maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı və biznesin idarəedilməsi ixtisasları üzrə ingilis dilində tədris olunur. Hər il tələbələr mübadilə və ikili diplom proqramlarında iştirak edərək, dünyanın nüfuzlu universitetlərinin diplom və sertifikatlarını qazanırlar.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirən Şəhriyar Səmədov universitetə hazırlaşdığı gündən UNEC-in əsas hədəflərindən olduğunu açıqlayıb: “UNEC-in nailiyyətlərini yaxından izləyirəm. Seçimimin UNEC olmasının səbəbi çoxdur. Valideynlərim də UNEC-i tövsiyə edir. Arzum sadəcə tələbə adını deyil, UNEC tələbəsi adını qazanmaq olub. Son iki il ərzində ən yüksək nəticə göstərən abituriyentlərin seçimi də məhz UNEC idi, hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirdim”.

Xatırladaq ki, Masallı rayonu, 4 nömrəli Digah tam orta məktəbin məzunu Şəhriyar Səmədov respublika üzrə 11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının nəticələrinin 2 qalibindən biri elan olunub. O, bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə – 300 bal toplayıb. Şəhriyar dəfələrlə fənn olimpiadalarında yüksək nəticə göstərib. Şəhriyar ikinci dəfə imtahanlarda iştirak edərək 700 bal toplamağı hədəfləyib. Qeyd edək ki, Ş.Səmədov II ixtisas qrupu üzrə 700 bal toplamağa yeganə namizəddir.

http://news.unec.edu.az/xeber/154-abituriyent/5532-ii-ixtisas-grupu-uzre-700-bal-toplamaga-yegane-namized-esas-hedefim-unec-telebesi-adini-gazanmag-olub

71 1