İmtahanlarda ölkə üzrə ən yüksək bal toplayan iyirmi magistrin seçimi – UNEC

13 OKTYABR 2017 | VIEWS:
3073

UNEC-in rektoru, professor Ədalət Muradov Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) I kurs magistrləri ilə görüşüb.

Magistrləri yeni tədris ili münasibətilə təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsil və karyeralarında uğurlar arzulayıb.

BMDM-də yeni tədris ilində plan yerlərinin 99 faizinə magistr qəbulu həyata keçirildiyindən məmnunluğunu ifadə edən Ə.Muradov magistrlərin 95.6 faizinin elə ilk turda UNEC-i seçdiklərini bildirib. Rektor imtahanlarda ölkə üzrə ən yüksək bal toplayan iyirmi magistrin məhz UNEC-də təhsillərini davam etdirdiklərindən qürur duyduğunu ifadə edərək, ümumilikdə tələbə-magistr kontingentinin keyfiyyətinin ruhlandırıcı olduğunu vurğulayıb.

Rektor bildirib ki, UNEC-də magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün əhəmiyyətli dəyişikliklər edilib. BMDM-də 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris həyata keçirilir. UNEC-in təşəbbüsü ilə magistratura pilləsində keyfiyyəti artırmaq məqsədilə təhsil standartlarının yeniləndiyini diqqətə çatdıran rektor, auditoruyadaxili dərslərin minimuma endirildiyini bildirib. Gənclərin potensialının reallaşdırılması üçün akademik sərbəstliyin yaradıldığını, tədrisin ikinci ilinin elmi-tədqiqat və elmi-pedaqoji təcrübəyə ayrıldığını deyib. Rektor xüsusi olaraq vurğulayıb ki, BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

Görüşdə magistrlərə mərkəzin təklif etdiyi ikili diplom və mübadilə proqramları barədə ətraflı məlumat verilib. Yerli və xarici şirkətlərdə təcrübə imkanları, o cümlədən yerli və xarici universitetlərin yay və qış məktəblərində iştirak etmək imkanı olduğu deyilib.

Magistrlərin axşam növbəsində təhsil aldıqlarına diqqət çəkilərək, bu tədris ilindən etibarən kitabxanada iş saatının 22:00-dək uzadıldığı diqqətə çatdırılıb. İlin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən və müasir tələbələrə cavab verən zəngin kitabxananın istifadəyə veriləcəyi qeyd olunub.

Görüşdə magistrlərin sualları cavablandırılıb.

Sonda ən yüksək nəticə göstərərək UNEC BMDM-ə qəbul olan magistrlər Yaşar Nəsibov, Cavid Əliyev və Turqay Şirinbəyliyə xatirə hədiyyələr təqdim edilib.

3074 1