İmtahanlarla bağlı müraciət edənlərin sayı azalıb- 525.az

11 İYUL 2019 | VIEWS:
333

525.az

İyunun 3-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) start verilən 2018-2019-cu tədris ilinin yay imtahan sessiyası başa çatıb. Yay imtahan sessiyası ilə bağlı  hər həftənin şənbə günləri təşkil olunan UNEC rektorunun “Açıq qapı” günlərinə də yekun vurulub.

Sonuncu “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib. “Açıq qapı”da ümumilikdə 5-ə yaxın müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib. “Açıq qapı”ya müraciətlərin heç biri imtahan sessiyası ilə bağlı olmayıb.

Əvvəlki illərlə müqayisədə bu il imtahan sessiyası dövründə hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günlərində rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidmətinə müraciət edənlərin də sayında azalma müşahidə olunub. Əvvəlki illərlə müqayisədə bu il UNEC-in “Qərargah”lara semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb.

Bütün bunları UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndirmək olar.

“XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyevin dediyinə görə, rektor, professor Ədalət Muradov UNEC-də imtahan sessiyalarının obyektiv və şəffaf keçirilməsi üçün əlindən gələni əsirgəmir: “Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək imtahan sessiyası boyu ictimaiyyət nümayəndələrinin, təhsil ekspertlərinin, jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunurlar. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən valideynlər də sərbəst şəkildə imtahanları izləyə bilirlər. Hər il olduğu kimi, bu il də yay imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün müvafiq tədbirlər görülmüşdür. Hər il olduğu kimi, bu il də imtahan prosesi tam şəffaf və obyektiv keçdi. UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür. Mən bunu müsbət hal kimi dəyərləndirirəm”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, ötən illərlə müqayisədə bu il semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb. Buna səbəb isə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi işlərin görülməsidir: “İyunun 3-dən etibarən start verilən 2018-2019-cu tədris ilinin yay imtahan sessiyası başa çatıb. Ötən illərdə olduğu kimi, bu il də sessiya imtahanlarının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunmuşdu. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılmışdır. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirildi. UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. Həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə UNEC-də aparılan innovasiyaları yüksək qiymətləndirib. Onun fikrincə, yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. UNEC-də təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir: “Mən UNEC-də savadlı, elmli, bilikli, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran tələbələr görürəm. Gələcəyimiz olan gəncləri bu səviyyədə görmək məni çox sevindirdi. UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunur. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. UNEC-də tələbə təşəbbüslərinə daha çox yer verildiyini müşahidə edirəm və bunu alqışlayıram. UNEC ölkədə iqtisadiyyat sahəsində baza rolunu oynayan əsas təhsil ocağıdır. Hesab edirəm ki, burada peşəkar mütəxəssislərin yetişməsi üçün yeniliklərin davam etdirilməsi zəruridir. Artıq bu istiqamətdə universitetdə müvafiq tədbirlər həyata keçirilir. Bu da hər birimizi çox sevindirir”.

Tələbələr arasında keçirdiyimiz sorğu zamanı onlar da imtahanların təşkili və keçirilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər. Tələbələrin sözlərinə görə, yüksək səviyyədə və şəffaf təşkil olunan imtahanlarda tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. İmtahanların həm test, həm də yazılı formada keçirilməsi isə tələbələri tam qane edib.

S.QARAYEVA

http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/5549-bold-red-imtahanlarla-bagli-muraciet-edenlerin-sayi-azalib-525-az-bold-red

334 1