Kredit sistemində tələbənin biliyi necə qiymətləndirilir? 

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 saylı əmri ilə təqdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında ƏSASNAMƏ” ilə tənzimlənir.

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir.

Tələbənin hər bir fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı tələbənin  semestr ərzindəki fəaliyyətə (cari qiymətləndirmə) , digər yarısı isə imtahanın nəticələrinə görə (aralıq) toplanır.

Balların maksimum miqdarının bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir:

– 50 bal imtahanın nəticəsinə görə;

– 10 bal dərslərə davamiyyətinə görə;

– 10 bal tələbənin sərbəst işinə görə;

– 20 bal seminar (məşğələ) dərslərinin nəticələrinə görə; (fənn üzrə seminar məşğələsi nəzərdə tutulmadığı halda 20 bal laboratoriya dərslərinin nəticələrinə əlavə edilir).

– 10 bal laboratoriya dərslərinin nəticələrinə görə; (fənn üzrə laboratoriya dərsləri nəzərdə tutulmadığı halda 10 bal seminar balına əlavə edilir).

Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata “q/b”, sorğulara cavab verənlərə müvafiq “bal”, dərsdə iştirak edən, lakin qiymət  almayanlara isə “i/e” yazılmalıdır.

UNEC-də imtahanaqədərki və imtahan ballarının hesablanma qaydası aşağıdakı kimidir:

Əyani təhsilalma forması üzrə

– fənn üzrə davamiyyətə görə – 10 bal;

– sərbəst işlərə görə – 10 bal;

– I kollokvium – 10 bal;

– II kollokvium – 10 bal;

– III kollokvium – 10 bal (kollokviumun qiyməti semestr ərzində seminar məşğələlərində toplanan balların orta qiyməti alınaraq hesablanır);

– imtahanın nəticəsinə görə – 50 bal.

 

QEYD: fənn üzrə laboratoriya işi nəzərdə tutulduğu halda, 20 bal I, II kollokviumlara və seminarın orta balına ayrılır.

*

*
Fənn üzrə davamiyyətə görə ballar necə müəyyənləşdirilir?

Semestr ərzində fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10-dur. Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

– tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir;

– semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan tam 10%-nə 1 bal çıxılır.

Sərbəst iş nədir və necə qiymətləndirilir?

Tələbənin sərbəst işinin növünü və formasını (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim müəyyənləşdirir.

Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur.

Fənni tədris edən müəllim tərəfindən sillabusda hər hənsı xüsusi forma müəyyən edilməmişdirsə, tələbəyə semestr ərzində hər fənn üzrə 4-cü tədris həftəsindən 14-cü həfətəyə qədər 10 sərbəst iş tapşırığı verilir.

Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işlərin həcmi 2-3 səhifədən artıq olmamaq şərti ilə əlyazma və ya çap şəklində ola bilər.

Sərbəst işlərin yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir və növbəti semestrin əvvəlinə qədər hər bir fənn üzrə müvafiq kafedrada saxlanılır.

Həftə ərzində eyni fənn üzrə 1 sərbəst işdən artıq tapşırıq verilməsi qəti qadağandır.

Kollokvium necə təşkil olunur və kollokvium balları necə hesablanır?

Kollokviumlar akademik təqvimə uyğun olaraq hər semestrdə 2 dəfə təşkil olunur. Hər kollokvium 10 bal ilə qiymətləndirilir. Seminar ballarının orta qiyməti 3-cü kollokvium qiyməti olaraq qəbul edilir. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.) olmalıdır. Əks təqdirdə tələbə seminara ayrılmış balı toplamamış hesab olunur.

Kollokviumda iştirak etməyən tələbəyə 0 bal yazılır.

Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə bal necə hesablanır?

Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbənin dərsi mənimsəməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların maksimum həddi 10-dur. Eyni fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır.