Nümunəvi həyat yolu – görkəmli alim Əziz Əliyev

03 APREL 2017 | VIEWS:
2149

“Respublika” qəzeti, 2 aprel, 2017

XX yüzillik Azərbaycan xalqının tarixində mühüm bir mərhələ təşkil edir. Bu dönəm xalqımızın taleyinə onlarla görkəmli alim, ziyalı, ictimai-siyasi və mədəniyyət xadimi bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də tanınmış elm adamı və ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev idi.

Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. İlk təhsilini İrəvandakı “Rus-tatar” məktəbində alan Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirdikdən sonra Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibb Akademiyasında təhsil almışdır.

1918-ci ildə doğma yurdu İrəvana qayıdan Ə.Əliyev burada dəhşətli mənzərə ilə üzləşir: belə ki, erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirir, bir müddət sonra isə Şahtaxtı kəndinə köçür. Ailəsinin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevə təhsilini davam etdirməyə imkan vermir.

Lakin xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması ona çətinliklərə mətanətlə sinə gərməkdə, tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməkdə daim kömək edir. Həqiqətən də, bu mətin xarakter həmişə onun qarşısına geniş yollar açır.

1923-cü ildə Bakıya gəldikdən sonra alimin həyatının yeni mərhələsi başlayır. Öz bilik və bacarığı ilə az müddətdə irəli getməyə nail olur. 1927-ci ilədək Azərbaycan SSR Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdiri, katib köməkçisi və katib vəzifələrində fəaliyyət göstərir. İşləməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alır və oranı 1927-ci ildə müvəffəqiyyətlə başa vurur.

Ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirmiş, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunmuşdur. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, Xalq Səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzmiş, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına çalışmışdır.

1998-ci ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən ulu öndər Heydər Əliyev alimin şəxsiyyəti ilə fəaliyyəti arasındakı vəhdəti xarakterizə edərək demişdir: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimlərilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi”.

Əziz Əliyevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyəti də vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olmuşdur. O, müəyyən dövrdə Azərbaycan Dövlət Tibb İnstitutuna, həm də Əczaçılıq İnstitutuna rəhbərlik etmiş, 1937-ci ildə isə paralel şəkildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. O, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti  sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləmişdir. Görkəmli dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur.

Əziz Əliyev Böyük Vətən müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam olunmuşdur. Belə ki, 1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildikdən on gün sonra Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırılmış və danışıqlar zamanı razılıq əldə edilmişdir ki, Azərbaycanda səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Cənubi Azərbaycana göndərilməsinə başlanılsın.

Beləliklə, Azərbaycan KP MK-nın katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılır. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda onunla bərabər çalışan ziyalılarımız—Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqaları öz missiyalarını layiqincə yerinə yetirirlər. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz xatirələrində yazırdı: “Əziz Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götürürdü”.

XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Ümummilli liderimiz o dövrün siyasi mənzərəsindən danışarkən özü bu faktı xüsusilə qeyd etmişdir: “Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Lakin xoşbəxtlikdən bu, uzun sürmədi və o, yenidən öz layiqli qiymətini aldı, onun əvvəlki şan-şöhrəti özünə qaytarıldı”.

Əziz Əliyev həyatın enişli-yoxuşlu yollarının çətinliklərinə, taleyin ağır sınaqlarına baxmayaraq, öz yolundan, ideallarından dönməmiş, ömrünün sonuna qədər əqidəsinə sadiq qalmışdır. Ulu öndərimizin dediyi kimi: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.

Əziz Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı, səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilmişdir. O, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, “I dərəcəli Vətən müharibəsi” ordeni, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar və fəxri fərmanlarla təltif edilmişdir. 1960-cı ildə görkəmli alimə “Azərbaycanın Əməkdar həkimi” fəxri adı verilmişdir.

Müstəqillik illərində də bu böyük şəxsiyyətin dövlətçilik tarixindəki rolu və bənzərsiz xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, yubileylərinə həsr olunmuş təntənəli mərasimlər təşkil edilmişdir.

2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Dağıstan Respublikası başçısının “Əziz Əliyev və Dağıstan” adlı kitaba müəlliflik etməsinə, bu kitabın yazılmasına vaxt tapdığına və orada Əziz Əliyev haqqında ifadə olunan xoş sözlərə görə, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə təşəkkürünü bildirmişdir.

Əziz Əliyevin fəaliyyətini yüksək qiymətləndirən Prezidentimiz cənab İlham Əliyev onun 120 illik yubileyinin keçirilməsi haqqında 2016-cı il noyabrın 18-də sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır”.

Göründüyü kimi, zəngin həyat təcrübəsinə, geniş diapazona, dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə malik olması Əziz Əliyevi dövlət xadimi səviyyəsinə çatdırmış və o, bu sahədə cəsarətlə öz sözünü deyə bilmişdir. Azərbaycan xalqının və dövlətinin tarixində bütün bunlarla – çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri ilə yadda qalmış Əziz Əliyevin vəfatından sonra adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür: bir müddət rektoru olduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu indi onun adını daşıyır. Adı Bakı və Mahaçqalanın mərkəzi küçələrindən birinə, Dağıstanda kənd təsərrüfatı müəssisəsinə və Kaspiyskdəki Tibb Məktəbinə verilmişdir. Ən əsası isə, bu böyük şəxsiyyətin adı insanların qəlbində və şüurunda əbədilik qazanıb. Əziz Əliyev deyiləndə nəzərlərdə vətənpərvər ziyalı, nəcib insan, qayğıkeş həkim, zəhmətkeş alim, bacarıqlı dövlət xadiminin obrazı canlanır. Təbii ki, bu, hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Belə şəxsiyyətlərə əbədiyaşar ömür sahibi deyilir.

Azərbaycan millətinə və dövlətinə ləyaqətlə xidmət edən, şərəfli ömür sürən Əziz Əliyevin misilsiz xidmətləri heç vaxt unudulmayacaq və onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

UNEC-in Elm və innovasiyalar mərkızinin direktoru professor Sakit Yaqubov

UNEC-in “Fizika və kimya” kafedrasının müdiri professor Rövnəq Rzayev

2150 1