Qalib danışır: yay tətilində vergi məcəlləsini oxuyuram

04 DEKABR 2015 | VIEWS:
2728

DSC_1196Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tələbə və magistrantlar arasında “Vergilər” mövzusunda IX ümumrespublika olimpiadası keçirilib. Ölkənin 14 ali məktəbindən 300-dək tələbə və magistrantın iştirak etdiyi olimpiadada bakalavr və magistrantlar arasında qaliblər UNEC-in tələbələri olub.

Olimpiadanın qalibi ilə müsahibə:

Murad Məmmədzadə. Maliyyə fakültəsinin IV kurs tələbəsi.

– Daha öncə olimpiadada iştirak etmisiniz?

– Orta məktəbdə riyaziyyat olimpiadalarında iştirak etmişəm. Gürcüstanda keçirilən beynəlxalq olimpiadada Pifaqor teoremini fəzada 150 dərəcə isbat etmək mövzusunda təqdimatla çıxış edib, ikinci yerə layiq görüldüm və  gümüş medal qazandım. Universitet illərində isə ilk qalibiyyətimdir.

-Necə oldu iştirak etməyə qərar verdiniz?

-Uşaqlıqdan vergi, gömrük sahələri mənim üçün çox maraqlıdır. Həmişə rütbəli iş arzulamışam. Bu sahəni də çox sevirəm. Əminəm ki, elə sevgi ilə yanaşdığım üçün birinci ola bildim. Elanı UNEC-in facebook səhifəsində oxudum və kafedraya müraciət etdim. Vergi fənnini II kursda keçmişdim. Yay tətillərində vergi məcəlləsini oxuduğum və bazam olduğu üçün özümə inamım var idi. Daha çox çalışdım və  özümü vergi sahəsində ixtisaslaşdırdım.

-Suallar çətin idi?

-Hər çür suallar var idi: Orta.. çətin…. asan. Bəzi uşaqlar incə nöqtələrdə çətinlik çəkirdi. Məsələn, sualı oxuyanda görürdüm sualın quruluşu elədir ki, bir ifadəyə görə cavab fərqlənir və dəqiqləşdirmək üçün məcəlləyə baxmaq lazıdmır. Mən isə məcəlləni yaxşı bildiyim üçün sualları cavablandırmaqda heç bir əziyyət çəkmədim. Sadəcə bir sualda tərəddüd edirdim. O da məsələdə idi. Son anda analiz edərək cavabını düz tapa bildim. Zala qalib kimi daxil oldum. 100 bal topladığımı bilirdim.

– Demək olar ki, məcəlləni yaxşı bildiyiniz üçün qalib gəldiniz?

– Yox! Vergi işinə sevgi ilə yanaşdığım üçün qalib gəlmişəm. Əminəm. İnsan istənilən işə sevgi ilə yanaşsa qalib gələcək.

– Olimpiadanın hazırlığı necə təşkil olunmuşdu?

– Təşkilatçılıq çox yüksək səviyyədə idi. Gənclik korpusunda imtahan verdik. Avtobuslar gözləyirdi. Heç bir narahatlıqla qarşılaşmadıq. İmtahana nəzarət sistemi də çox güclü təşkil edilmişdi. İmtahandan sonra avtobuslar bizi yenə buraya gətirdi. Sualları bitirən kimi ekranda nəticəni görmək olurdu. Cavablara kənar müdaxilə ola bilməzdi.

– Planlarınız nədir?

– Universitetin ictimai həyatında fəal iştirak edirəm. THİK-nin təftiş komussiyasının sədriyəm. Bir gənc kimi respublikanın inkişafında da önəmli rol oynamaq istəyirəm. Bu sahəyə çox sevgim olduğu üçün vergi orqanlarında çalışmağı planlaşdırıram. Layihə də mənə vergi sahəsində çalışmaq üçün çox böyük stimul verdi. Universitetimizlə Vergilər Nazirliyi arasında razılığa əsasən, UNEC-in 10 ən yaxşı tələbəsi nazirlikdə işlə təmin olunacaq. 100 bal topladığım üçün özümü şanslı hesab edirəm. Layihədə mənə dəstək olan Yaşar müəllimə dərin təşəkkürümü bildirirəm.

2729 1