Rektor: “İqtisadiyyat və idarəetmə” ixtisasları üzrə yeni təhsil proqramları təsdiqləndi”

13 İYUL 2020 | VIEWS:
568

UNEC-in rektoru, professor Ədalət Muradov “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan ixtisaslar  üzrə yeni təhsil proqramlarınım təsdiqləndiyi və yeni təhsil proqramları barədə rəsmi Facabook səhifəsində məlumat paylaşıb:

“YENİ TƏHSİL PROQRAMLARI

9 iyul 2020-ci ildə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmri ilə “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan ixtisaslar  üzrə yeni təhsil proqramlarını təsdiq etdi. Yeni proqramlar milli təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması, tələbə mobilliyinin artırılması, tələbələrin müvafiq kompetensiyalarının, eləcə də yumşaq və sərt vərdişlərinin formalaşdırılması, məzunların əmək bazarının tələblərinə cavab verməsi, tələbələrin daha çox sərbəst işləmələrinin stimullaşdırılması və s.  istiqamətdə ciddi bir addımdır. Proqramların hazırlanması zamanı Top 25 universitetlərin təcrübəsi əsas götürülmüş, kompetensiyalar işəgötürənlərlə razılaşdırılmışdır:

  1. Dövlət imtahanı kimi tanınan Yekun Dövlət Attestasiyası (YDA) ləğv edildi.
  2. Təcrübənin ənənəvi formada keçirilməsi dayandırıldı. Təcrübə və YDA üçün nəzərdə tutulan 30 kredit “ Karyera planlaması”, “Yumşaq vərdişlər”, ”Sərt vərdişlər”, tamamilə yeni formada təşkil olunacaq Təcrübə/ Capstone arasında bölüşdürüldü.
  3. Xarici dilin tədrisi iki ilədək uzadıldı.
  4. Dərslərin təşkilində 1+3 modeli əsas götürüldü.
  5. İxtisaslar arasında 70% eynilik təmin edildi və Universitet Daxili İkili Diplom (UDİD) modelinin reallaşması üçün imkan yaradıldı. Yəni, dörd il ərzində iki fərqli ixtisas üzrə iki diplom almaq mümkün olacaq.
  6. Tələbələr başqa ixtisasın ixtisas fənlərinin 16-18 kreditini almaqla kiçik ixtisas (“Minor”) qazana biləcəklər. “Minor”dan UDİD-ə keçid və yaxud UDİD-dən “Minor”a keçid mümkün olacaq.
  7. Fənlərin sayı 42-dən  34-ə endirildi və ixtisas fənlərinin sayı isə 8-dən 11-ə artırıldı.
  8. Tələbələrin həftəlik dərs yükü hazırda mövcud olan təqribən 26 saatdan orta hesabla 20 saata endirildi.
  9. Dərslər 4 gün ərzində təşkili ediləcək və s.

Yeni proqramların layihəsinin hazırlanmasında böyük əməyi olmuş Azərbaycan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan müəllim Ələkbərova, Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət müəllim Vəliyevə, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin müəllim Bayramova, Bakı Biznes Universitetinin rektoru, professor İbad müəllim Abbasova və İşçi Qrupun bütün digər üzvlərinə, eləcə də bizimlə birlikdə kompetensiyaları formalaşdıran  işəgötürənlərə dərin minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, 2017-ci ildə Təhsil Nazirliyinin “Ali təhsil pilləsinin hər bir səviyyəsi üçün dövlət standartı və təhsil proqramlarının hazırlanması” ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə İşçi qrupu yaradılmışdır.UNEC rektoru, professor Ədalət Muradov “İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə” İşçi qrupunun sədri təyin edilmişdir.

http://news.unec.edu.az/xeber/125-universitet/6657-bold-red-rektor-igtisadiyyat-ve-idareetme-ixtisaslari-uzre-yeni-tehsil-programlari-tesdiglendi-bold-red

569 1