UNEC rektorunun Dərbənd filialının rəsmi açılışındakı çıxışının mətni

29 NOYABR 2016 | VIEWS:
2773

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə keçirilən videokonfransdakı çıxışı

28 noyabr 2016-cı il, Dərbənd şəhəri

Hörmətli Olqa Yuryevna!

Hörmətli Mikayıl müəllim!

Xanımlar və cənablar! Hər vaxtınız xeyir!

Ölkə prezidentləri İlham Əliyev və Vladimir Putinin yürütdükləri siyasət nəticəsində Azərbaycan – Rusiya münasibətləri hərtərəfli olmaqla, həyatın bütün sahələrini əhatə edir. Bugünkü tədbir bunun bariz nümunəsidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni tədris korpusunu təqim etmək kimi şərəfli iş mənim öhdəmə düşüb.

Əvvəlcə icazə verin Azərbaycan Dövlət İqtisad Universiteti barədə qısa məlumatı sizin nəzərinizə çatdırım. Ötən il universitetimiz rebrendinq edərək, UNEC brendini patentləşdirdi. UNEC tələbə sayına görə (18mindən çox tələbə) Cənubu Qafqazda iqtisadyönümlü ən böyük universitetdir. UNEC beynəlxalq keyfiyyət sertifikatı alıb. QS reytinq agentliyinin göstəricilərinə görə, Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri sırasında dördüncü yerdə qərarlaşıb. UNEC-də təhsil dörd dildə – Azərbaycan, türk, rus və ingilis dillərində aparılır. Tələbələrimizin təxminən 18%-i rus dilində təhsil alır. Bizim tələbələrin istəyini nəzərə alaraq, bu ilin sentyabrında UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Burada rus dilində 11 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Sevindirici haldır ki, ötən həftə UNEC-in Rus İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq təklifimizə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetindən və B.Q.Yelsin adına Ural Federal Universitetindən müsbət cavab gəlmişdir. Bu münasibətlə hörmətli həmkarlarım, rektorlar Viktor İvanoviç Qrişinə və Viktor Anatolyeviç Kokşarova öz minnətdarlığımı bildirirəm.

İndi isə UNEC-in Dərbənd filialı haqqında məlumat vermək istəyirəm. Filialın ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Dərbənd filialı bütün zəruri infrastruktura malikdir. Bütün mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər bir fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə kameraları quraşdırılıb. Bir sözlə, Dərbənd filialında keyfiyyətli təhsil üçün zəruri maddi-texniki baza yaradılıb.

Dərbənd filialında dörd – maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı ixtisasları üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramlarının nümunəsinə əsasən hazırlanıb. Pedaqoji heyət Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bu gün Dərbənd filialında 43 nəfər əməkdaş fəaliyyət göstərir. Bundan başqa, Dərbənd filialında UNEC-in aparıcı müəllimləri də mühazirələr oxuyur. Ümumilikdə filialın pedaqoji heyətinin maaşı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur.

UNEC-in Dərbənd filialına qəbul, Rusiya Federasiyasında tələbələrin qəbulu qaydalarına əsasən aparılır. Beləliklə, Rusiya vətəndaşları VDİ (Vahid Dövlət İmtahanı) əsasında, xaricilər isə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq  qəbul edilirlər. Bu il UNEC-in Dərbənd filialına 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz olaraq təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.

Dərbənd filialının tələbələri təhsil aldıqları dörd il ərzində UNEC diplomu ilə yanaşı, həmçinin Fransanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universitetinin də bakalavr diplomunu əldə edə bilərlər. Həmçinin, UNEC-in Dərbənd filialının tələbələrinin müvafiq mübadilə proqramları ilə Almaniyanın Ziqen, ABŞ-ın Kolumbiya, Litvanın Mikolas Romeris universitetlərində, Türkiyənin və Cənubi Koreyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanları var.

Sonda qeyd edim ki, biz Dərbənd filialının təkcə Rusyada deyil, bütün regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən birinə çevrilməsi üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik.

Diqqətinizə görə minnətdaram!

2774 2