Təhsil müəssisəsinin uğurları

08 İYUL 2020 | VIEWS:
425

Respublika” qəzeti

Söhbət Azərbaycan Dövlət İqtisad Univesitetinin Zaqatala filialından gedir

Respublikamızda tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında da distant təhsil həyata keçirilir. Məlum olduğu kimi, iyunun əvvəlindən ali və orta ixtisas təhsil ocaqlarında təhsil alan tələbələr üçün yaz imtahan sesiyasına start verilib. İmtahanlar COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub. İmtahanlara hazırlığın vəziyyəti, gedişi ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialında olduq.

Filialın müasir üslubda tikilmiş binasına daxil olarkən mövcud vəziyyətlə əlaqədar sakitlik hökm sürürdü, auditoriyalardan, dəhlizlərdən tələbə-gənclərin şən səsləri eşidilmirdi. ADİU – Zaqatala filialının direktoru, iqtisad elmləri doktoru, professor Orucəli Rzayev mehribanlıqla qarşılayaraq əvvəlcə məni dekan, gənc alim, xaricdə təhsil alıb gəlmiş Babək Alıyevlə birlikdə onlayn qaydada yaz imtahan sessiyasının gedişi ilə tanış etdi. Qeyd edək ki, Babək Alıyev yaz imtahan sessiyasının səmərəli aparılması üçün texnoloji mərkəzləşdirilmiş sistemə rəhbərlik edir. Babək müəllim söhbət zamanı qeyd etdi ki, onlayn qaydada imtahanların keçirilməsi üçün əvvəlcə imtahan verəcək tələbələrin texniki vəsaitlərinin olub-olmadığı yoxlanıldı və bundan sonra isə təhsil müəssisəsindən birbaşa tələbə ilə onlayn şəkildə əlaqə qurub, imtahan götürmək üçün texniki təchizat mərkəzi yaradıldı. Dekan bildirdi ki, filialın texniki vəsaitlərlə təmin olunmasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun böyük rolu olub. Babək müəllimin söylədiyinə görə, hazırda filialda respublikamızın, əsasən şimal-qərb bölgəsindən, qiyabi və əyani şöbələrdə təhsil alan tələbələrdən 450 nəfəri onlayn şəkildə yaz imtahan sessiyasında iştirak edəcəkdir. Dekan dedi ki, cari imtahan sessiyasında texniki vəsaiti olmayan tələbələr isə avqust ayında təhsil müəssisəsinə gəlib, əyani şəkildə imtahan verəcəklər. O bildirdi ki, akademik borcu yaranan tələbəyə hər bir fənn üzrə bir dəfə olmaqla təkrar imtahanda iştirak hüququ yaradılacaq və eləcə də tələbə akademik borcu əvvəlki semestrdə yaranmış maksimum iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də təkrar imtahanda iştirak edəcəkdir.
Filialın direktoru Orucəli Rzayev isə qeyd etdi ki, bu təhsil müəssisəsini 2019/2020-ci tədris ilində 97 nəfər bitirir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına uyun olaraq sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Direktorun sözlərinə görə Təhsil Nazirliyinin filialda təhsil alan 51 nəfər tələbə həssas əhali qrupuna aid edilib və təhsil haqları dövlət tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı, Şimal-Qərb regionunun sosial-iqtisadi inkişafında gənclərin ali təhsilə çıxışını səmərələləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb.
Filial 15 sentyabr 2016-cı ildə “Bilik günü”ndə UNEC-in rektoru, professor Ədalət Muradovun və rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin xeyir-duası ilə ilk dəfə fəaliyyətə başlamışdır. Bu təhsil ocağı yüksək səviyyəli maddi-texniki baza ilə təmin olunmuşdur. Belə ki, auditoriyalar proyektorlar, imtahanların elektron formada təşkil edilməsi üçün 30 nəfərlik fərdi kompüter və 82 nəfərlik xüsusi quruluşda kompüter stolları ilə təmin edilmişdir. Filialın birinci mərtəbəsində 80 nəfərlik tələbə yeməkxanası, 40 nəfərlik müəllimlər, əlavə olaraq qonaqlar üçün 12 nəfərlik yeməkxana açılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. Bundan əlavə binanın VI mərtəbəsində Heydər Əliyev mərkəzi və kitabxana tələbələrin istifadəsinə verilmişdir. 2019/2020-ci tədris ilində filialda 1 nəfər professor, 2 dosent, 12 nəfər baş müəllim, 18 nəfər müəllim olmaqla 33 nəfər fəaliyyət göstərir. Ümumiyyətlə isə burada 70 nəfər işçi çalışır.
Tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Respublikanın müxtəlif bölgələrindən 2016-cı tədris ilində əyani təhsil forması üzrə 130, 2017-ci tədris ilində 196, 2018-ci tədris ilində 297, 2019-cu tədris ilində 295 nəfər tələbə filiala qəbul edilmişdir. Hazırda filialda 626 nəfər əyani təhsil forması üzrə, 164 nəfər tələbə qiyabi təhsil forması üzrə təhsil alır. Ümumiyyətlə, hazırda filialda 790 nəfər tələbə təhsil alır.
Təhsil müəssisəsində İqtisadiyyat fakültəsi ilə yanaşı 8 ixtisas üzrə 8 bakalavr hazırlığı aparılır. Məsələn:
Mühasibat uçotu və audit, Maliyyə, Biznesin idarə edilməsi, Turizm və otelçilik, Marketinq, Menecment və İnformasiya texnologiyaları.
2019/2020-ci tədris ili üçün filialın tanınması və təbliğatı işi ilə yanaşı, daha effektiv olaraq Təhsil Nazirliyi və Universitet rəhbərliyi keçid balının və təhsil haqqının azaldılması ilə bağlı mühüm tədbirlər görmüşdür. Belə ki, əyani təhsil forması üzrə təhsil haqqı 1200 AZN, qiyabi təhsil forması üzrə 1000 AZN təşkil edilmişdir. Yalnız əyani təhsil üzrə Maliyyə ixtisasının məbləği 1300 AZN, qiyabi təhsil forması üçün isə 1100 AZN təşkil edir. Filial üzrə təhsil haqlarının aşağı və keçid balının 150 olması tələbə qəbuluna müsbət təsir göstərir.
Semestr ərzində yüksək nəticələr əldə edən tələbələr bir sıra imtiyazlar əldə edirlər. Belə ki, semestr ərzində ən yüksək göstəriciyə malik olan tələbə 1 semestrlik UNEC-də təhsil alma şansı qazanır. ümumi orta müvəffəqiyyət göstəricisi filial üzrə yüksək olan 44 nəfər tələbə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə UNEC Zaqatala filialının təqaüdü ilə təmin edilirlər.
UNEC Zaqatala filialının tələbələri həm də UNEC-də təşkil edilmiş 4 il ərzində UDİD (ikili diplom) proqramı vasitəsilə 2 ixtisas üzrə 2 diplom əldə etmək şansı qazanırlar. Proqrama qoşulan tələbələr iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edirlər.
Cari ildə filiala II ali təhsil almaq üçün müraciət edən müdavimlərdən 5 nəfəri qiyabi təhsil üzrə təhsilin II ilinə qəbul olmuşlar.
Qeyd edək ki, Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən və türkdilli ölkələrin ali təhsil müəssisələri arasında professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mövlanə Mübadilə Proqramı” UNEC Zaqatala filialının tələbələri və professor-müəllim heyəti üçün Türkiyənin qabaqcıl universitetlərində təhsil almaq və təcrübə keçmək imkanı təqdim edir. Həmçinin digər qonşu respublikaların ali təhsil müəssisələri ilə də beynəlxalq akademik mobillik proqramında tələbə mübadiləsi haqqında müqavilələrin imzalanması nəzərdə tutulub.
Tələbələr arasında filial üzrə Həmkarlar təşkilatı, UNEC-in Zaqatala filialı üzrə YAP-ın sədri, Tələbə ictimai təşkilatları, TEC, Gənclər və Həmkarlar təşkilatı, tələbə prorektoru seçilir, onların fəaliyyəti UNEC-in müvafiq strukturları ilə sinxronlaşdırılır.
Filialda əməkdaşların elmi-tədqiqat, tələbə elmi cəmiyyəti istiqamətində də müəyyən işlər görülmüşdür. Cari ildə UNEC rəhbərliyinin təşəbbüsü və böyük dəstəyi ilə Təhsil nazirinin əmrinə uyğun olaraq Zaqatala filialında növbəti dəfə 11 iyun 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Müasir İqtisad elminin aktual problemləri” mövzusunda respublika miqyaslı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, elm şöbəsinin müdiri, professor Zahid Məmmədov, Mühasibat uçotu və audit kafedrasının müdiri, professor Sifariz Səbzəliyev və b. maraqlı mövzularla çıxış etmişlər. Bundan əlavə filialın respublikada keçiriləcək bir sıra respublika miqyaslı konfranslara ev sahibliyi etməsi planlaşdırılır.
Xatırladaq ki, filial respublikanın Şimal-Qərbində yeganə ali məktəbdir. Regionda keçirilən dövlət ictimai-mədəni, kütləvi tədbirlərdə tələbələr yüksək səviyyədə iştirak etmişlər. Müxtəlif millətlərin yaşadığı rayonda azərbaycançılıq ideyalarına, vətənə, dövlətə sədaqət ruhunda rəngarəng tədbirlər, intellektual yarışlar, müsabiqələr keçirilmiş və tələbələr uğur qazanmışdır.
Tələbələrin biliyinin qiymətləndirilməsində, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi ilə “Açıq qapı” günləri keçirilir, imtahanlarda KİV, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələrinin iştirakı üçün lazımi şərait yaradılır.
Respublikamızın qabaqcıl elm ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar filialda da geniş tədbirlər planı hazırlanıb.
Söz yox ki, cəmi 4 il əvvəl yaradılan bu təhsil müəssisəsinin uğurları çox olacaq, tezliklə auditoriyalarda yenə də canlanma yaranacaq.

Elman MALİYEV

http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/6644-tehsil-muessisesinin-ugurlari11

426 1