UNEC Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında təmsil olunub

16 FEVRAL 2016 | OXUNUB:
1514

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov  ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. “Qlobal ali təhsil cəmiyyətinin yaradılması” (Building Global Higher Education Community) mövzusuna həsr edilən tədbirin əsas məqsədi ali təhsil sahəsində müasir qlobal trendlərin müzakirəsindən, dünyanın müxtəlif regionlarını təmsil edən universitetlər və ali təhsil agentlikləri arasında əməkdaşlığın təşviqindən ibarət olub.

Üç gün davam edən konfransda Ş.Bayramov “Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar” (Creating efficient partnerships: internationalization of higher education and global challenges for universities) mövzusunda təqdimatla çıxış edib. O, ali təhsilin qloballaşması xüsusiyyətləri, dünya universitetlərinin sözügedən prosesə adekvat reaksiyasının zəruriliyi, Azərbaycan ali təhsilinin dünya təhsilinə inteqrasiyası prosesi, eləcə də beynəlxalq əməşdaşlığın inkişafı istiqamətində UNEC-də həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Ş.Bayramov ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Ş.Bayramov Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.

1515 1