“UNEC daha keyfiyyətli tədqiqat imkanı yaradır”

24 OKTYABR 2017 | VIEWS:
1863

Cavid Aliyevİmtahanlarda respublika üzrə ən yüksək nəticəni göstərən magistrlər UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçiblər. Onları təqdim edirik:

Cavid Əliyev 4 fevral 1995-ci ildə Masallı rayonunun Babaser kəndində anadan olub. O, 2008-ci ilə qədər Masallı rayonunun Babaser kənd əsas məktəbində oxuyub, 2008-ci ildən başlayaraq təhsilini Lənkəran İstək liseyində davam etdirib. 2010-cu ildə Ruminiyada keçirilən XIV Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında (XIV JBMO) bürünc medala layiq görülüb. 2012-ci ildə Lənkəran İstək liseyində qızıl medalla bitirərək 652 bal ilə Baki Mühəndislik Universitetinin dünya iqtisadiyyati ixtisasına qəbul olub. Magistr imtahanında 26-cı proqram üzrə 48 bal toplayaraq respublika birincisi, ümumi olaraq isə 145 (97+48) bal toplayaraq respublika ikincisi olub. Cavidin hobbisi kitab oxumaq və stolüstü tenis oynamaqdır.

- Magistratura imtahanında kifayət qədər yüksək nəticə göstərmisiniz. Bu göstəricilər sizə ölkənin istənilən ali təhsil müəssisəsində magistr təhsili almaq imkanı yaradırdı. Sizi UNEC-ə gətirən səbəbi oxucularımızla paylaşmağınızı xahiş edirik.

- Magistratura üzrə təhsilimi ingilis dilində və dövlət sifarişi ilə davam etmək istəyirdim. Bunun üçün bir sıra universitetləri araşdırmaq qərarına gəldim və mənim kriteriyalarıma uyğun universitetlər arasında ən çox diqqətimi UNEC çəkdi. Çünki araşdırmam nəticəsində məlum oldu ki, UNEC-in magistratura və doktorantura mərkəzində beynəlxalq universitetlərin tədris proqramlarına uyğun proqram var və burada tələbənin istəyi ön plana çəkilir. Xüsusi ilə də araşdırdığım digər universitetlərə nəzərən UNEC mənə daha keyfiyyətli tədqiqat imkanını yaradırdı. Bunun üçün UNEC-i seçmək qərarına gəldim.

- UNEC magistri olaraq necə düşünürsünüz. Dərslər necə gedir? UNEC-dəki tədrisdən məmnunsunuz?

- Magistr pilləsinə qəbul olmazdan əvvəl gözləntilərim müəllimlərin gözəl tədris etmə metodu ilə lazımi məlumatları tələbəyə çatdırması idi. Bir də daha çox müzakirəni tələb edən interaktiv dərslərin keçilməsini vacib hesab edirdim. İndi əminliklə deyə  bilirəm ki, dərslərimiz bu üsul ilə keçirilir. Yəni dərslər gözlədiyim səviyyədə tədris olunur və dərslərin gedişatından, müəllimlərdən məmnunam.

- Təhsil aldığınız Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində yeni standartlar tətbiq olunur. Sizcə, bu standartlar keyfiyyətə necə təsir edəcək?

- Hesab edirəm ki, müasir, tez-tez dəyişən vəziyyət ilə ayaqlaşmada yeni standartların rolu əvəzedilməzdir. Zənnimcə təhsildə yeniliklər və ölçülüb-biçilmiş yeni standartlar keyfiyyətli təhsil üçün ən vacib amillərdir. Yeni standartlar tələbələrə daha yaxşı araşdırma edəbilmək üçün kifayət qədər sərbəstlik və vaxt verir ki, bu da tələbələrin daha keyfiyyətli araşdırma aparmasına və tədqiqatlarının cəmiyyət üçün daha faydalı olmasına gətirib çıxarır.

UNEC magistrləri:

Respublika birincisi Yaşar Nəsibov (18.10.2017)

1864 1