UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

03 DEKABR 2015 | VIEWS:
2913

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. Mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib.

Mərkəzin yaradılmasında məqsəd, UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə – Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.

UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək.

Türkiyənin nüfuzlu universitetlərilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas – biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ikili diploma dair UNEC-lə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında cari ilin sentyabr ayında memorandum imzalanıb.

2914 1