UNEC-də Elmi Şuranın iclası keçirilib: hesabatlar və yeniliklər

11 OKTYABR 2019 | VIEWS:
822

UNEC-də yeni tədris ilinin ilk Elmi Şura iclası keçirilib.

İclasda UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev 2018/2019-cu tədris ilinin Yay imtahan sessiyasının yekunları  haqqında hesabatla çıxış edib. Bildirilib ki, ümumilikdə sessiya zamanı I-III kurslar üzrə 9203 nəfər bakalavr və 2205 nəfər magistrantın biliyinin attestasiyası həyata keçirilib. Hesabatda fakültələr üzrə kəmiyyət və keyfiyyət göstəriciləri açıqlanıb. Yay imtahan sessiyasının nəticələrinə əsasən, ümumilikdə bakalavr səviyyəsi üzrə müvəffəqiyyət göstəricisi 80%, keyfiyyət göstəricisi isə 44% olub.

Magistratura pilləsi üzrə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) təhsil alan 482 magistrantdan 472 nəfəri imtahanlarda iştirak edib. BMDM üzrə müvəffəqiyyət göstəricisi 82%, keyfiyyət göstəricisi isə 37% olub. Magistratura mərkəzi üzrə isə I kursda təhsil alan 161 magistrantdan 160 nəfəri imtahanlarda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98%, keyfiyyət göstəricisi isə 80% olub. MBA təhsili üzrə UNEC Biznes məktəbində I və II kursda təhsil alan 1562 magistrantdan 1493 nəfəri imtahanlarda iştirak edib. MBA üzrə müvəffəqiyyət göstəricisi 78%, keyfiyyət göstəricisi isə 28% olub.

Ümumilikdə UNEC-də magistr səviyyəsi üzrə 2205 magistrantdan 2125 nəfəri yay imtahan sessiyasında iştirak edib. Nəticələrə əsasən, magistr səviyyəsi  üzrə müvəffəqiyyət göstəricisi 81%, keyfiyyət göstəricisi isə 34% olub.

S.İsayev UNEC-in Zaqatala filialının imtahan sessiyasının nəticələrini də açıqlayıb. Bildirilib ki, Zaqatala filialında təhsil alan 522 tələbədən 520 nəfəri imtahanlarda iştirak edib, filialda təhsil alan tələbələrin müvəffəqiyyət göstəricisi 54%, keyfiyyət göstəricisi isə 14% qeydə alınıb. UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin yay imtahan sessiyasının nəticələrinə görə isə tələbələrin müvəffəqiyyət göstəricisi 70%, keyfiyyət göstəricisi isə 36% olub.

S.İsayev yay imtahan sessiyası zamanı ötən illərə nisbətən tələbələr tərəfindən UNEC-in nizam-intizam qaydalarının pozulması hallarının və apelyasiya müraciətlərinin azaldığını da şura üzvlərinin diqqətinə çatdırıb.

Hesabatda imtahan sessiyası dövründə UNEC İctimai Nəzarət Şurasının üzvləri tərəfindən mütəmadi olaraq imtahanlarda monitorinqlərin aparıldığı, məmnunluq sorğusunun keçirildiyi bildirilib. Qeyd olunub ki, hər imtahan sessiyasında olduğu kimi, bu il də sessiya dövründə “Açıq qapı” günləri təşkil olunub, bir “Açıq qapı” isə yalnız İctimai Nəzarət şurasının üzvləri tərəfindən keçirilib.

Şurada Sənəd qəbulu komissiyasının məsul katibi, dosent Həbib Vəliyev 2019/2020-ci tədris ili üzrə UNEC-ə bakalavr təhsili üzrə qəbulun nəticələrini açıqlayıb. Bildirilib ki, UNEC-ə qəbul planı 97 % yerinə yetirilib. Qəbul planının yerinə yetirilməsinə görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri arasında UNEC liderdir. Hesabatda qeyd olunub ki, yeni tədris ilində 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərin sayı 313 nəfər olub ki, bu da II ixtisas qrupu üzrə imtahan verənlərin 78%-ni təşkil edir. Ölkə üzrə II ixtisas qrupu üzrə 24 nəfər Prezident təqaüdçüsünün 21 nəfəri (87,5%) də məhz UNEC-i seçib. UNEC Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri arasında Prezident təqaüdçülərinin sayına görə və II ixtisas qrupu üzrə yüksək bal toplayanların qəbulunda da bu il liderliyini qoruya bilib.

Hesabatda bildirilib ki. cari ildə UNEC-ə 123 subbakalavr qəbul olub. Bunlardan 109 nəfəri dövlət sifarişi, 14 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

UNEC-in Distant, Qiyabi və Əlavə təhsil mərkəzinin direktor müavini, dosent Rövşən Əkbərov UNEC-də təşkil edilən 2018-2019-cu tədris ilinin yay semestrinin yekunları barədə hesabat verib. Hesabatdan sonra Yay semestrinin daha da səmərəli təşkili üçün təkliflər səsləndirilib.

Elmi Şurada 2019-/2020-ci tədris ili üzrə magistratura üzrə qəbulun nəticələri də açıqlanıb. BMDM-nin rəhbəri, dosent Fariz Əhmədov mərkəzdə iqtisadiyyat və idarəetmə ixtisasının yer aldığı 26-cı proqram üzrə qəbul planının 91,3 % yerinə yetirildiyini bildirib, respublika üzrə isə bu rəqəmin 73,8% olduğunu vurğulayıb. O, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə aktuallığını itirən ixtisaslara qəbul planının azaldılaraq, qəbul faizi yüksək olan ixtisasların sayının artıırlmasını təklif edib.

Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafov texniki və texnoloji ixtisaslar (9 ixtisas, 23 ixtisaslaşma) üzrə magistr qəbulunun 93,6% yerinə yetirildiyini, mərkəzə orta keçid balının yüksəldiyini qeyd edib.

2019/2020-ci tədris ilində UNEC Biznes Məktəbinin MBA Proqramına qəbul planı isə 99.3 % yerinə yetirilib. Bu barədə hesabatla məktəbin direktoru, dosent Nazim Hacıyev çıxış edib. Bildirib ki, Azərbaycan bölməsi üzrə qəbul planı 100 %, ingilis bölməsi üzrə 98.5 % və rus bölməsi üzrə 97.9 % yerinə yetirilib. N.Hacıyev bu ildən MBA proqramında magistratura səviyyəsində ilk dəfə Biznes analitikası, Risklərin idarə edilməsi və Sosial media marketinqi ixtisaslaşmalarının yaradıldığını diqqətə çatdırıb. İxtisaslaşmalar üzrə dərslər Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir. Hazırda bu ixtisaslaşmalar üzrə təhsil alan tələbələr təhsillərini bitirdikdən sonra Azərbaycanda bu sahə üzrə ilk ixtisaslı mütəxəssislər olacaqlar.

Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib. Rektorun müşaviri, dosent Elşən Bağırzadə şura üzvlərini “UNEC-in professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında qaydalar”la tanış edib. Bildirilib ki, “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri ödəyən professor, dosent, baş müəllim və müəllimlərin akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Bununla da Differensial Əmək Haqqı reytinqində müvafiq yerinə uyğun olaraq tədqiqatçı statusu alan müəllim 2070-3090, baş müəllim 2380-3520, dosent 2635-3850, professor isə 3720 – 5370 manata qədər əmək haqqı ala biləcək.

Şurada subbakalavların kreditlərinin universitetdə tanınması ilə bağlı qaydaların hazırlandığı bildirilib. Tədris–metodiki mərkəzin direktoru, professor  Eldar Azadov qaydaları səsləndirib. Bildirib ki, fənnin adı və kredit üst-üstə düşdükdə, fənn üzrə tədris saatları təqribən 80% bakalavrların tədris saatları ilə eyni olduqda və subbakalavrların fənn proqramı və təsdiqlənmiş sillabusunun 70%-ə qədər uyğunluğu nəzərə alınmaqla kafedranın rəyi əsasında kreditlərin tanınması mümkün olacaq.

Rektor Ədalət Muradov Prezident İlham Əliyev tərəfindən ölkədə  aparılan  uğurlu sosial siyasətdən söz açıb. Sosial siyasətin Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrildiyini vurğulayan rektor, davamlı olaraq həyata keçirilən bu siyasətin artıq ənənə halını aldığını diqqətə çatdırıb. Rektor UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşlarının əmək haqlarının isə orta hesabla 30%  artırılması barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat,  dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Göstərilən dövr ərzində professorların əmək haqqının 2,1 dəfə artdığı da diqqətə çatdırılıb.

UNEC Biznes Məktəbinə yüksək ixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub. Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Zaqatala İqtisad Məktəbinin yaradılmasına qərar verilib. Bildirilib ki, filialda struktur dəyişiklikləri də aparılacaq.

UNEC-də yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, İslam Maliyyə Mərkəzi və Çin İqtisadiyyatı Tədqiqat Mərkəzi yaradılıb.

Elmi Şuranın qərarı ilə UNEC-də 2019/2020-ci tədris ili “Tədrisin keyfiyyəti ili” elan edilib. Oktyabrın 21-dən 25-dək isə UNEC-də “Elm həftəsi” keçiriləcək.

Şura üzvlərinin qərarı ilə UNEC Tələbə Elmi Cəmiyyətinin sədr və müavinlərinə vəzifə maaşı təsis edilib. Tələbə-rektorun seçki qaydalarında isə dəyişikliklərin nəzərdə tutulduğu bildirilib. UNEC-in daxili intizam qaydalarının da yenilənəcəyi Şura üzvlərinin diqqətinə çatdırılıb.

Elmi Şurada “Riyaziyyat” və “Statistika və ekonometrika” kafedralarının birləşdirilərək “Riyaziyyat və statistika” kafedrasının yaradılmasına qərar verilib.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5722-bold-red-unec-de-elmi-shuranin-iclasi-kechirilib-hesabatlar-ve-yenilikler-bold-red“></a>

823 1