UNEC-in rektoru universitetin Zaqatala filialında “Açıq qapı” günü keçirib

11 DEKABR 2019 | VIEWS:
708

“Açıq qapı” günü Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının fəaliyyətindəki yeniliklərlə tanışlıq olub, tələbə və müəllimlərlə görüşlər keçirilib, müraciətlər dinlənilib.

UNEC-in rektoru, professor Ədalət Muradov ilk olaraq filialda “Elektron universitet” modelinin tətbiqi ilə əlaqədar yaradılan infrastrukturla tanış olub. Modelin reallaşdırılması üçün işlər demək olar ki, yekunlaşıb. Bildirilib ki, artıq 2-ci semestrdən layihə tətbiq olunacaq. Bunun üçün qalan zəruri tədbirlərin də qısa müddətdə həyata keçirilməsi tapşırılıb. “Elektron universitet” modelinin tətbiqi ilə əlaqədar müəllimlərə təlimlərin keçirilməsi, tələbələrin məlumatlandırılması nəzərdə tutulub.

Sonra filialın Linqafon kabinetinə, kitabxanasına və Oxu zalına baxış olub. Rektor buradakı kitabxana və Oxu zalının da universitetin Bakıdakı korpuslarında olduğu kimi, müasir texnologiyaların tətbiqi ilə qurulmasına dair göstəriş verib. Xüsusilə, filialın kitabxanasının UNEC-in Kitabxana İnformasiya Mərkəzi ilə əlaqələrinin qurulması, yeni kitablarla təminat vacib məsələ kimi vurğulanıb.

UNEC-in Zaqatala filialında İmtahan zalının vəziyyəti də yoxlanılıb. Zala 30 yeni kompüter alınıb. Rektor Ədalət Muradov əlavə kompüterlərin də alınmasını tapşırıb. Artıq 2-ci semestrdən imtahanların bu zalda keçirilməsi təmin olunacaq.

Daha sonra filialın yenilənən tələbə və müəllim yeməkxanalarına baxış keçirilib. Yeməkxanalarda yaradılan şərait yüksək qiymətləndirilib. Rektor qiymət siyasətinə, onun həm tələbələr, həm də əməkdaşlar üçün münasib olmasına ciddi nəzarət edilməsini tapşırıb.

Rektor, professor Ədalət Muradov sonra 3-6 dekabr tarixində keçirilən “Bakutel-2019” sərgisində öz layihələri ilə iştirak etmiş UNEC startapçıları ilə görüşüb. Universitetin məhz Zaqatala filialının tələbələri olan Əli Əhmədzadə, Mirhəsən Dadaşov və Nicat Mürsəlov uğurlarını, onun yaşatdığı sevinci rektorla bölüşüblər. Ədalət Muradov tələbələrin innovativ ideyalarının bundan sonra da dəstəklənəcəyini, yeni layihələr üçün onlara hər cür şərait yaradılacağını qeyd edib.

Sonra rektor əvvəlcədən elan olunan qəbula yazılmış tələbə, filial əməkdaşı və digər şəxslərlə görüşüb. Ümumilikdə 45 nəfərin müraciəti dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı universitetin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbuldan sonra rektor Ədalət Muradov UNEC-in Zaqatala filialının tələbələri ilə geniş tərkibdə görüş keçirib. Universitetdə aparılan təhsil islahatları haqda danışan rektor, tələbələrə ixtisaslarına mükəmməl yiyələnməyi, müasir, savadlı, bu günün tələblərinə cavab verən kadr kimi formalaşmağı tövsiyə edib.

Tələbələrdən sonra isə rektorun Zaqatala filialının müəllimləri ilə görüşü olub. Görüşdə UNEC-in prioritetləri, təhsildə inkişafa nail olmaq üçün qarşıda duran vəzifələr müzakirə olunub.

http://news.unec.edu.az/xeber/125-universitet/5987-unec-in-rektoru-universitetin-zagatala-filialinda-achig-gapi-gunu-kechirib

 

709 1