UNEC-in standartlara uyğun Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

02 İYUL 2017 | VIEWS:
4563

525-ci qəzet

FARİZ ƏHMƏDOV: “MƏRKƏZDƏ TƏHSİL ALAN MAGİSTRANTLARA UNEC DİPLOMU İLƏ YANAŞI, AVROPANIN NÜFUZLU UNİVERSİTETLƏRİNİN DİPLOMU DA VERİLƏCƏK”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) 2015-ci ildə magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün universitetin Elmi Şurasının qərarı ilə yaradılıb.

Mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris həyata keçirilir. Biznesin idarəedilməsi, beynəlxalq ticarət ixtisaslaşmaları üzrə həm türk, həm ingilis, beynəlxalq iqtisadi münasibətlər və maliyyə menecmenti ixtisaslaşmaları üzrə isə ingilis dilində tədris həyata keçirilir.

BMDM-nin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent Fariz Əhmədovun sözlərinə görə, əsasnaməsi, təhsil və tədris sistemi, tədris proqramları beynəlxalq standartlara uyğun şəkildə tərtib edilmiş Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir. BMDM-də əvvəlki təhsil standartları ilə müqayisədə bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, yeni proqram üzrə tədris olunacaq fənlər həmin ixtisaslaşmaları ümumi şəkildə əhatə etdiyindən, ayrıca ixtisaslaşmalara bölünmə əvəzinə ümumi ixtisas altında birləşdirilmə həyata keçirilib. İxtisas üzrə magistr təhsil proqramının yerinə yetirilməsi müddəti ilə bağlı edilmiş yeniliklərə gəldikdə isə yeni təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı azaldılaraq 30-a endirilib, “Tədqiqatlar, kommunikasiya və innovasiya” və “Tədqiqat işinin aparılması”na isə 8 həftə ayrılıb. İmtahan sessiyaları 10 həftəyə endirilib, magistr dissertasiyasının hazırlanması və müdafiəsinə isə 24 həftə ayrılıb. Keçilən dərslərin kreditlərinin sayı AKTS-yə (Avropa Kredit Transfer Sistemi) uyğun şəkildə artırılır və ümumilikdə 60 həftəlik təhsil müddətini bitirdikdən və magistr dissertasiya işini müdafiə etdikdən sonra tələbə 120 kreditlik proqramını bitirmiş hesab edilir: “Magistrantların yalnız nəzəri bilikləri deyil, müvafiq ixtisas üzrə iş təcrübəsi ilə bağlı məlumat əldə etməsi üçün iş dünyasından olan müəllim heyətinə də ehtiyac duyulur. Bu baxımdan, təhsil standartlarında öz əksini tapmış ən mühüm yeniliklərdən biri müvafiq sahə üzrə iş təcrübəsi olarsa, magistr dərəcəsinə malik olan şəxslərin də tədris prosesinə cəlb edilməsinin mümkünlüyüdür”.

F.Əhmədov bildirib ki, magistratura pilləsinə qəbul zamanı tələbə xarici dil fənni üzrə də imtahan verdiyi üçün “Humanitar fənlər” bölümündən xarici dil fənninin tədrisi çıxarılıb. Ali məktəb pedaqogikası və psixologiya fənləri isə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənnində birləşdirilib. Fənnin mahiyyəti ondan ibarətdir ki, magistrant müəllimlə birlikdə bakalavr pilləsi üzrə dərslərdə iştirak etməklə tələbə psixologiyasını və eyni zamanda ali məktəb pedaqogikasını öyrənəcək, tələbələrlə çalışma, onları qiymətləndirmə metodlarına daha yaxından bələd olacaqdır. Bu da magistrantın ali məktəb psixologiya və pedaqogikasını daha keyfiyyətli mənimsəməsinə, yalnız nəzəri deyil, eyni zamanda praktiki vərdişlərə də yiyələnməsinə gətirib çıxaracaq.

Direktor deyir ki, BMDM-də magistrantın dissertasiya işi ilə bağlı bir elmi məqalə yazaraq beynəlxalq və ya yerli elmi jurnal və ya konfranslarda nəşr etdirməsi həmin fənn üzrə müvəffəqiyyət göstəricisi hesab olunur. Burada əsas məqsəd magistrantların akademik məqalə yazmaq vərdişlərini inkişaf etdirmək və eyni zamanda onları elmi araşdırmalara daha çox cəlb etməkdən ibarətdir. “İxtisaslaşma fənləri” bölümündə iqtisad elminin tarixi və metodologiyası fənninin əvəzinə tədqiqat metodları fənni tədris olunur. Bu fənnin tədrisi zamanı tələbə müvafiq ixtisas sahəsi üzrə tədqiqat və araşdırma metodlarını, elmi məqalələrin, tezislərin yazılmasını, akademik etika qaydalarını və sair öyrənir. Daha bir dəyişiklik “Seçmə fənn” blokunun ləğv olunaraq ali məktəb tərəfindən müəyyən edilən məcburi fənlər blokuna daxil edilməsidir. Bu fənn blokunda ixtisasla bağlı müasir dövrün iş mühitinə uyğun vacib sayılan fənlər müəyyən edilib. Tətbiq edilən yeniliklərdən biri də magistratura pilləsində daha çox məqsədəuyğun hesab edildiyi üçün məşğələ dərsinin əvəzinə məsləhət saatları şəklində müzakirələrin keçirilməsi, müharizə-seminar dərslərinin isə birləşdirilməsinin nəzərdə tutulmasıdır: “Tədrisin birinci ilində hər semestr üzrə 3-ü məcburi, 2-si seçməli olmaqla cəmi 5 fənn tədris olunur. Tədrisin ikinci ilinin ilk semestri “Tədqiqatlar, kommunikasiya və innovasiya”, dissertasiya işi, elmi-tədqiqat və elmi-pedaqoji təcrübəyə ayrılır. Sonuncu, yəni ikinci semestr isə yenə dissertasiya işi və “Tədqiqat işinin aparılması”na həsr edilib. Hər semestr üzrə kreditlərin sayı 30-dur. “Seçməli dərslər” blokunda isə magistrantlara 6 fənn payız, 7 fənn yaz semestri olmaqla, ümumilikdə 12 fənn arasından seçim etmək imkanı verilir. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə yeni standartlar qəbul edildikdən sonra UNEC rektorunun göstərişi ilə 11 ixtisas üzrə 40-a yaxın ixtisaslaşmanın yeni, ən müasir tədris proqramlarını hazırladıq. Biz bu tədris proqramlarını hazırlayanda dünyanın ən nüfuzlu universitetlərini nümunə götürdük və eyni zamanda yerli və xarici mütəxəssislərin rəyini aldıq. Hazırda əminliklə deyə bilərəm ki, BMDM-nin magistrantları ən müasir tədris proqramları ilə təhsil alırlar”.

F.Əhmədovun dediyinə görə, BMDM-də tədris prosesi universitetimizin müəllimləri ilə yanaşı, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Stanford Universiteti, İngiltərənin Stirlinq, Qlazqo, Uorvik və Kardif, Türkiyənin Sakarya, Qazi və Ankara universitetləri kimi nüfuzlu xarici ali təhsil ocaqlarında təhsil almış və müvafiq sahə üzrə təcrübəsi olan müəllimlər tərəfindən həyata keçirilir: “Qeyd edim ki, dövlət və özəl qurumlarda işləyən, dövlət xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan bir çox menecer Mərkəzdə mühazirə oxumaq üçün bizə müraciət edib”.

Direktor vurğulayıb ki, BMDM-də təhsil alan magistrantlara UNEC diplomu ilə yanaşı, Avropanın nüfuzlu universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub. 2016-cı ilin sentyabr ayında magistratura pilləsi üzrə Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom razılaşması əldə edilib. Bundan əlavə, biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisasları üzrə Uludağ Universiteti, turizm və otelçilik ixtisası üzrə Sakarya Universiteti, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Litvanın Mikolos Romeris Universiteti, İtaliyanın nüfuzlu Trento universiteti ilə bu cür layihələrin həyata keçirilməsi planlaşdırılır: “Ümumiyyətlə, Mərkəzin gələcək hədəfləri arasında nəinki ikili diplomla bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda yeni ixtisasların açılması, ingilis dilində tədris olunan ixtisasların sayının artırılması, Mərkəzin özünün beynəlxalq elmi jurnalının yaradılması, beynəlxalq elmi konfranslarla və qurumlarla əlaqələrin qurulması və gücləndirilməsi, tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi əsas yer tutur”.

F.Əhmədov qeyd edib ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində o cümlədən, Türkiyə, Rusiya, Almaniya, Banqladeş, Zimbabve, Qambiya kimi ölkələri təmsil edən əcnəbi magistrant təhsil alır: “Ümid edirəm ki, xarici universitetlərlə əməkdaşlığımızın miqyası genişləndikcə, əcnəbi magistrantlarımızın sayı daha da artacaq”.

Direktor əlavə edib ki, Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasinin magistraturalarına qəbul imtahanlarında respublika üzrə fərqlənən tələbələr də UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçiblər. BMDM magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə imkanı, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarınə nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar veriblər: “BMDM olaraq məqsədimiz gələcəkdə də bu ənənənin davam etməsi üçün çalışmaq və Azərbaycanın ən güclü tələbələrini mərkəzimizə cəlb edərək onlara uğurlu gələcək və karyera üçün imkanlar yaratmaqdır”.

BMDM-nin magistrı Türkiyənin İğdır şəhərindən olan Hikmet Alcan bakalavr təhsilini Eskişehir Anadolu Universitetində bitirib, tədrisin türkcə olması, müəllim heyətinin əksəriyyətinin Türkiyə və xarici universitetlərdə təhsil aldığını nəzərə alaraq BMDM-də oxumağı seçib. Onun fikrincə, mükəmməl müəllim heyətinə malik olduğu üçün UNEC Azərbaycanın aparıcı universitetlərindən biridir. Hikmet UNEC-i digər ali təhsil müəssisələrindən fərqləndirən cəhətin müasir tədris üsullarının geniş tətbiq edilməsi və bu səbəbdən tələbəni əzbərçiliyə deyil, daha çox tədqiqat aparmağa təşviq etməsində görür.

Mərkəzdə təhsil alan əcnəbi magistrantlardan biri Rusiya vətəndaşı olan Arzu Axmatova bakalavr təhsilini Dağıstan Dövlət Universitetində maliyyə ixtisası üzrə bitirib. Həmin universitetdə türk dili kursunu başa vurduqdan sonra Türkiyənin İstanbul Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə də təhsil almış Arzu hazırda UNEC-də təhsilini davam etdirir. Mərkəz haqqında məlumatı UNEC-in Dərbənd filialı vasitəsilə əldə edib, təhsilini də türkcə davam etdirmək istədiyindən burada oxumaq qərarına gəlib. A.Mərkəzdə yaradılan şəraitdən, keyfiyyətli tədris prosesindən, müəllim və tələbələrin mehriban münasibətindən məmnun qaldığını deyib. O, UNEC-də əldə etdiyi dəyərli biliklər sayəsində gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

BMDM-də 2016-2017-ci tədris ilinin yay imtahan sessiyası çərçivəsində keçirilən imtahanlar iyunun 29-da yekunlaşıb. İmtahanlar əsasən test və yazılı üsulla keçirilib. İmtahanlara hər qrup üzrə 1 məsul şəxs, 4 nəzarətçi, 1 dekan müavini nəzarət edib. Şəffaf keçirilən imtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Tələbələr də çox sərbəst və rahat şəkildə, stress, həyəcan keçirmədən sualları cavablandırıblar. İmtahanda dünyanın bir çox universitetlərindəki imtahan metodlarına uyğun olaraq yazılı qaydada açıq imtahan sualları, keyslər, şirkət analizləri və strategiyalarının formalaşdırılması kimi mövzularda imtahan metodları istifadə olunub. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb. Tələbələrin imtahanlarla bağlı yaranan şikayət və ərizələrinə operativ qaydada formalaşdırılan komissiya tərəfindən baxılaraq qısa zamanda cavablandırılıb.

S.QARAYEVA

4564 2