Yay semestrinin təşkili 

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir. O, aşağıdakı məqsədlərlə təşkil olunur:

  • akademik borcların ləğv edilməsi;
  • fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;
  • müvəffəq qiymət alınmış fənn üzrə qiymətin yüksəldilməsi;
  • ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Yay semestri üzrə imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.

Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.

*

Sessiya imtahanlarında müvəffəq qiymət alınan fənn üzrə qiyməti yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. O, qiyməti yüksəltmək üçün yay semestrində həmin fənni yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl qazanmış olduğu  bal qüvvədə qalır.

Müvafiq qaydaların tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində iştirak etmək hüququna malikdir.

Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi müvafiq qaydaların tələblərinə uyğun olaraq müəyyən edilir.

Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını isə ali təhsil müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.

Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Yay semestrində əldə olunan vəsaitdən, ali təhsil müəssisəsinin rektorunun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir.