“Xalq qəzeti”: Yeni tədris ili UNEC-də “keyfiyyət ili” elan olunub

30 SENTYABR 2015 | OXUNUB:
1969

raqif_foto29Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru  Raqif  Qasımovdur.

–Raqif müəllim, 2015/2016-cı tədris ili UNEC-də “Keyfiyyət ili” elan olunub. Bu, nə ilə bağlıdır?

– Elmi Şurasının qərarı ilə 2015/ 2016-cı tədris ili UNEC-də “Keyfiyyət ili” elan olunub. Burada məqsəd “keyfiyyət ili” ilə əlaqədar universitetin bütün sturktur bölmələri qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, tədris standartları, qayda və prosedurların yenilənməsi mexanizminin işlənməsi, tələbə yönümlü tədris və qiymətləndirmə sisteminin qurulması, professor-müəllim heyətinin elmi tədqiqatları və nəticələrinin tədris prosesində istifadəsi mexanizminin işlənməsi, tədris prosesi haqqında məlumatları toplayan və təhlil edən informasiya sisteminin yaradılması, daxili keyfiyyət göstəricilərinin xarici mühitə transferi məsələlərinin reallaşdırılması və s. mövzular üzrə fəaliyyətlərin keyfiyyət standartlarının müəyyən edilməsi və  artırılmasıdır.

Keyfiyyət konsepsiyası nəyə əsasən formalaşdırılacaq?

–UNEC keyfiyyət konsepsiyası Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar” adlı sənədi əsasında formalaşdırılıb. Bu sənədə  görə, ali təhsildə keyfiyyət mühitinin yaradılması üçün ali təhsil qurumları öz fəaliyyətini istiqamətlər üzrə qurmalıdır. Bu istiqamətlər keyfiyyət təminatı sahəsində universitetin bütün strukturları qarşısında duran vəzifə və səlahiyyətlərin müəyyən edilməsi, təhsil müəssisələri tərəfindən tədris prosesində keyfiyyətin təminatı ilə əlaqədar standartların, qayda və prosedurların yenilənməsi ilə bağlıdır. Həmçinin tələbə yönümlü tədris və qiymətləndirmə sisteminin qurulması, professor-müəllim heyətinin elmi tədqiqatları və nəticələrinin tədris prosesində istifadəsi mexanizminin inkişaf etdirilməsi, daxili keyfiyyət göstəricilərinin xarici mühitə transferi də bu istiqamətlərdəndir.

Bunun üçün hansı yollar seçilib?

–UNEC Elmi Şurasının qərarı ilə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə 57 maddəlik Tədbirlər planı təsdiq edilib. Tədbirlər planında bütün struktur bölmələr üzrə konkret tədbirlər və icra müddəti göstərilib.

–Universitetdə hansı dəyişikliklərə ehtiyac duyulur?

–Tədbirlər planında qeyd olunan yenilikləri reallaşdırmaq üçün bir çox dəyişikliklərə ehtiyac vardır. Fənlərin sillabuslarının  müasir tələblərə uyğunlaşdırılması, tələbələrin auditoriyadan kənar işlərinin effektiv şəkildə təşkili, ixtisaslar üzrə tədris planlarında fənlərin semestrlər üzrə bölgüsünün təkmilləşdirilməsi, sərbəst işlərin nümunəvi formatının, qəbulu qaydalarının və  qrafikinin hazırlanması tətbiq olunacaq dəyişikliklərə daxildir. Yeniliklər həmçinin, universitetin məsləhətçi professorlarının fəaliyyətinə dair qaydaların hazırlanması, tədris strukturları üzrə akademik təqvimin tərtib edilməsi, auditoriyaların maddi-texniki bazasının təkmilləşdirilməsi, fənlər üzrə təqdim edilən testlərin hər növbəti semestr üçün yenilənməsini və ümumilikdə testlərin keyfiyyətinin artırılmasını təmin edən komissiyanın yaradılması  və fəaliyyət prinsipləri haqqında təkliflərin hazırlanmasını özündə ehtiva edir.

–Tələbələrin bu prosesdə rolu nədən ibarət olacaq?

–Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar” adlı sənəd əsasında hazırlanan Keyfiyyət ili ilə əlaqədar Tədbirlər planında “Tələbə yönümlü tədris və qiymətləndirmə sisteminin qurulması” adlandırılan bölmə var. Plana əsasən, tədris prosesi iştirakçıları arasında mütəmadi olaraq  sorğular keçirəcək Sorğu Mərkəzi yaradılacaq, tələbələrin  onlayn kurslardan aldıqları sertifikatları universitet tərəfindən tanınacaq, onlara tədris prosesində fənn seçimi üçün müvafiq mexanizm yaradılacaq. Müəllim-tələbə münasibətlərində “Etik davranış” təlimlərinə olan ehtiyacın müəyyən edilməsi, digər universitetlər ilə tələbə və müəllim mübadiləsi və s. məsələlər burada öz əksini tapıb.

Bildiyiniz kimi, bu il UNEC-ə yüksək bal toplayaraq daxil olan tələbələrin sayı artıb. Biz yüksək bal toplayan abituriyentlərin UNEC-ə cəlb edilməsi ilə əlaqədar təkliflər paketi də hazırlamışıq. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı da planlarımız var .

–Keyfiyyətə nəzarət prosesi necə aparılacaq?

–Tədbirlər planına əsasən, UNEC-də Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi üzrə daimi şura təsis edilərək bu şura tərkibində fakültələr üzrə keyfiyyət elçiləri müəyyən olunacaq. Tədris ili müddətində rektorun iştirakı ilə açıq dərslər keçiriləcək, keyfiyyət şurasının üzvlərinin dərslərdə iştirakı qrafiki hazırlanacaq, tədris olunan fənlər üzrə sillabus, təqvim-tematik plan, dərsdə interaktiv metodların istifadəsi və s. uyğunluq üzrə keyfiyyət şurası tərəfindən monitorinqlərin təşkil ediləcək.

Dekanlıqların nəzdində keyfiyyət komissiyalarının yaradılması və bu komissiyaların aylıq monitorinqlər təşkil edərək, nəticələri barədə təkliflərin verilməsi mexanizminin  hazırlanması  da tədbirlər planına daxil edilib.

–UNEC-də elektron universitet modeli yaradılıb. Bu modelin mahiyyəti nədən ibarətdir?

–Bəli, artıq universitetimizdə “elektron universitet” modelinin tətbiqinə başlanılıb. Layihəyə uyğun olaraq ilkin mərhələdə UNEC-in əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, fənnlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramı daxil edilib. Sistem daxilində müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Kağız üzərində jurnal elektron jurnalla əvəz edilib. Müəllimlər elektron jurnal bölməsinə daxil olaraq tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və diğər qeydlərini elektron şəkildə daxil edə biləcəklər.

Elnarə ÖMƏROVA

“Xalq qəzeti”, 30 sentyabr

http://www.xalqqazeti.com/az/news/interview/62470

1970 1