Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, əməkdar elm xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev və iqtisad elmləri doktoru “Menecement” kafedrasının professoru Şəfa Quliyevanın birgə müəllifi olduğu “İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” (“Об устойчивости и надежности экономических систем”) adlı monoqrafiyası Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatı tərəfindən çap olunub. Rusiya elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan kitabın nüsxələri artıq Bakıya da göndərilib.
İqtisad elmləri doktoru, professor, “Rusiyanın ali təhsilinin fəxri işçisi” N.İ. Braqin və texniki elmlər doktoru, professor, “Rosneftqaztikinti” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Baş direktoru İ.İ.Mazur tərəfindən verilən rəylərdə yüksək şəkildə qiymətləndirilən monoqrafiya Azərbaycan elmi ictimaiyyəti üçün də əhəmiyətli töhfə hesab oluna bilər. Kitab dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərinin kitabxanalarına da göndərilib.
Qeyd edək ki, professor Tofiq Quliyev nəinki Rusiyada, eləcə də dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.
Professorun hələ 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında nəşr olyunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir(Şəkillər aşağıda verilib-red.). Bunu Harvard Universitetinin kitabxanasınnın “İqtisadiyyat” bölməsinin direktoru Kristin Conson da bildirmişdir.
O, Azərbaycandan olan professor Kazım Əzimovla görüşündə qeyd etmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Yuxarıda adları qeyd olunan kitablardan birinə 93, digərinə isə 97 istinad qeydə alınmışdır. Bundan əlavə, kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir.
Qeyd edək ki, professor Tofiq Quliyevin yalnız sovet hakimiyyəti dövrü nəşr olunan əsərləri deyil, müstəqillik illərində yazdığı kitablar, monoqrafiyalar və elmi məqalələr də keçmiş ittifaq və dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, onun bir çox əsərləri bu gün də Moskvanın nüfuzlu nəşrləri tərəfindən cap edilir, xarici ölkələrin kitabxanalarında, elmi mərkəzlərində öyrənilir. Yuxarıda məlumat verdiyimz “İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” (“Об устойчивости и надежности экономических систем”) adlı monoqrafiya bunlardan hələlik sonuncusudur.
Bundan əvvəl isə professorun Bakıda və Moskvada elm ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən çoxlu sayda kitabları nəşr olunub. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 450-yə qədər qəzet və jurnal məqaləsinin müəllifidir. T. Ə. Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları”, “İnsan resurslarının idarə edilməsi” kimi dərslikləri, “Tənzimlənən bazar iqtisadiyyatı” “İnflyasiyanın anatomiyası”, “İqtisadi məntiq”, “Liberalizmin böhranı” adlı fundamental monoqrafiyaları yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə alim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Bu kitabların bir hissəsi xarici ölkələrdə yenidən cap edilmişdir.
Belə ki, professor Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir.
Həmin kitab 2001-ci ildə Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən çap olunub. Harvard Universitetinin kitabxanasına da daxil olunan bu kitab tez-tez müraciət oilunan əsərlər sırasındadır.
Bu kitaba görə, pofessor T. Ə. Quliyev Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərman T.Quliyevə kitabda yeni elmi ideyalarla çıxış etməsinə və Çin Xalq Respublikasının Dövlət kitabxanasını zənginləşdirdiyinə görə təqdim edilmişdir.
Bundan əlavə, 2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.
Bu kitabların elmi ictimaiyyət tərəfindən necə yüksək dəyərləndirilməsini Rusiya fəlsəfə cəmiyyətinin birinci vitse-prezidenti, “Qloballaşma əsri” (“Век глобализации”) jurnalının baş redaktoru, fəlsəfə elmləri doktoru, professor Aleksandr Nikolayeviç ÇumakovunT.Ə.Quliyevin “Liberalizmin böhranı (İqtisadi aspekt)” adlı monoqrafiyasına verdiyi rəy də sübut edir. Həmin rəydə bildirilir:
“Tanınmış Azərbaycan iqtisadçı alimi, professor T.Ə.Quliyevin monoqrafiyası müasir dövrün ən aktual problemlərinin birinə – Qərbdə geniş yayılmış liberalizm konsepsiyasının müsbət və mənfi tərəflərinin analizinə həsr olunmuşdur.
Monoqrafiyada ictimai inkişafda bu modelin bazar və liberal aspektləri dəqiq araşdırılır, onun iqtisadiyyat sahəsinə təsiri analiz edilir. Bununla belə, idarəetmənin həm dövlət, həm də bazar mexanizmlərinə geniş diqqət yetirilir. Həmçinin, özünütənzimləmə problemləri nəzərdən keçrilir.
Bu kontekstdə monoqrafiyada iqtisadi liberalizmin müəyyən konsepsiyaları və iqtisadiyyatın liberallaşdırılması şəraitində ictimai tənzimləmənin bir neçə aktual problemləri dəqiq araşdırılır. İqtisadiyyatın liberallaşdırılmasını böhranın və qeyri-sabitliyin mənbəyi kimi qiymətləndirən professor T.Ə.Quliyev bu konsepsiyaya xaos, spontanlıq və anarxiya elementlərinin xas olduğunu vurğulayaraq, onu tənqid edir. Bununla yanaşı, o, təkcə iqtisadi sahəylə məhdudlaşmır və liberalizmin cəmiyyətdə daha böyük problemlərə yol açdığını və bunun xüsusi diqqət tələb etdiyini bildirir. Bununla əlaqədar olaraq o, azadlıq, insan hüquqları və cəmiyyətin demokratikləşməsi kimi fundamental fəlsəfi mövzulara müraciət edir. Hansı ki, bu məsələlərin ciddi araşdırılması onun qarşısına öz orijinal monoqrafiyasının əsas mənasını daha dərin və əsaslı açıqlamaq vəzifəsini qoyur.
Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, bu əsərin monoqrafiya kimi nəşr olunması elmi həyatda mühüm hadisə olacaq. Bu monoqrafiyanın həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağı şübhə doğurmur.”
Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonludur.
Hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətini bu gün də davam etdirir. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanmışdır. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir.
Xalq şairi Nəriman Həsənzadə iqtisadçı alimin bədii- estetik düşüncələrini belə dəyərləndirir: “Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meylləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir.
O, ədəbiyyatda, o cümlədən poeziyada etik və estetik halların bir-birinə qarşı qoyulmasını, estetikanın fetişləşdirilməsini, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir.”
Filologiya elmləri doktoru, professor Maarifə Haciyeva isə qeyd etmişdir ki, professor Tofiq Quliyevin iqtisadi təfəkkürü ilə bədii təxəyyülü arasında dərin bir vəhdət vardır: “Onun bədii mövzuları müasirliklə bərabər, klassik qaynaqlarla da səsləşir. Şeirlərindəki yaşantı onun həyatının bir parçası, özünün taleyi, mənəviyyatının tərkib hissəsi, məfkurə sahibi olan alimin xəlqilik manifesti, iqtisadi-fəlsəfi düşüncələrinin bədii məhsulu kimi əks-səda yaradır. Dərin vətəndaşlıq yanğısından qaynaqlanan “Kimsəsiz oldun, Qarabağ”, “Qarabağ marşı”, “Qarabağı qaytaraq” kimi şeirlər müasirlərimizin ağrı- acılarını, ümid və inamlarını ifadə edir.Tofiq müəllimin “Qəribə-qəribə işlər”, “Alçala-alçala ucalanlar”, “Lovğa insan”, “Qüsurunu bilə-bilə” kimi satirik şeirlərində isə içi xüdbinlər, başqalarında eyib axtaran bədxahlar incə yumorun hədəfinə çevrilir.
Alimin bədii aləminin məhsulu olan “Muğamlarda axtar məni”, “Yaxşılıq”, “Həya”, “Ölmək asan, yaşamaq çətin”, “Xatirələrlə tək qalmışam”, “Dostluğa zəhər qatmazlar”, “Taleyinə məni də yaz”, “Razı qalmıram özümdən” kimi şeirlər adlarından da göründüyü kimi, mənəvi- əxlaqi problemlərin estetik tədqiqi kimi qavranılır.Tofiq müəllimin milli-mənəvi dəyərlərimizə dərin bağlılığı ilə diqqəti cəlb edən şeirləri də az deyil.”
Professor Tofiq Quliyev estetik məsələlərə də tədqiqatlar həsr etmişdir. Onun “Ədəbiyyatda realizm və modernizm problemləri”, “Musiqili incəsənət və böhran” monoqrafiyaları ədəbi- mədəni mühitin ciddi marağına səbəb olmuşdur. Professorun bu sahədəki əsərləri də yalnlız Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da oxunur. Bir çox ölkələrin kitabxanalarında bu kitablara da rast gəlmək mümkündür. Onun “Ədəbiyyat və incəsənət haqqında fəlsəfi düşüncələr. Şeir və məqalələr” adlı kitabı ötən il Tehranda böyük tirajla dərc edilib.
Bundan əlavə, professor Tofiq Quliyevin “Menecment” kafedrasının professoru Şəfa Quliyeva ilə birgə müəllifi olduğu “Menecment: 365 anlayışın izahlı lüğəti ” adlı kitabı da İranda nəşr edilib.
Ümumiyyətlə, İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər.
Sonda onu da vurğulayaq ki, uzun illərdir Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına rəhbərlik edən, bu sahədə böyük bir məktəb yaradan, onlarla şəxsin alim kimi yetişməsinə bilavasitə rəhbərlik edən professor Tofiq Quliyev bu gün də yorulmadan elmi fəaliyyətini davam etdirir. Yeni elmi əsərlər üzərində işləyən professor Azərbaycan və dünya elminə bundan sonra da böyük töhfələr vermək əzmindədir.
İ. İsmayılbəyli
AzPolitika.info