20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb

19 YANVAR 2018 | VIEWS:
2152

UNEC-də 20 Yanvar şəhidləri anılıb.

20 Yanvar hadisələrinin 28-cı ildönümü münasibətilə UNEC-in Memorial-Xatirə Kompleksi önündə tədbir keçirilib. Tədbirdə universitetin kollektivi ilə yanaşı, UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri də iştirak edib.

Öncə vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə danışan rektor bildirib ki, hadisələrin hüquqi qiyməti məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Ulu Öndər öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını  tələb edib.

Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onları universitetin qürur mənbəyi adlandırıb.

UNEC-in əbədi tələbələri, şəhid Etibar Əliyev ilə Habil Əzizovun ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər. Onlar bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edən gənclərin-şəhidlərin şərəfinə ali təhsil ocağının ən görkəmli yerində xatirə kompleksinin ucaldılmasını və UNEC-in onları daim ehtiramla yad etdiyini vurğulayıblar. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirən şəhid ailələri dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri şəhidlərə həsr olunan şeirlər səsləndirib.

 

2153 1