24 aprel hadisəsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur

27 APREL 2021 | VIEWS:
69

Adalat_Muradov_0906201915-ci ilin hadisələri siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.

Türkiyə dövləti dəfələrlə arxivlərin açılması, tarixi hadisələrə düzgün qiymət verilməsi məsələsini ortalığı qoysa da, rəsmi Ermənistan bu məsələdən qaçıb. ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi təcavüzkar Ermənistanın faşist niyyətlərinin hansı qaynaqlardan qidalanmasını bir daha göstərir. Bayden “soyqırım” ifadəsini 1981-ci ildəki açıqlamasında işlədən Ronald Reyqandan sonra ilk ABŞ prezidenti oldu. Bu gün ermənipərəst qüvvələrin 106 il bundan əvvəlki saxta “erməni soyqırımı”na qiymət vermələrinə baxmayaraq, 28-30 il bundan əvvəl ermənilər tərəfindən dinc Azərbaycan əhalisinin Qarabağda soyqırıma məruz qalması haqda bir kəlmə də olsun danışmırlar. Bu yüz il ərzində bir milyondan artıq günahsız, əliyalın Azərbaycan türkünün qanına susamış ermənilərə söz deyən yoxdur.

1905-1906-cı illərdə ermənilər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Tiflis, Zəngəzur, İğdır-Sürməli, Qazax və digər yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış, dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirmişlər. Yuxarıda qısa şəkildə sadalananlar gələcəkdə daha böyük faciələrə aparan yolun başlanğıcı idi.

Türkiyə məsələsi isə tamamilə fərqlidir. Bu hadisələr Birinci Dünya müharibəsi zamanı baş verib. Belə ki, 1914-cü il noyabrın 1-də çar Rusiyasına məxsus ordu Osmanlı dövlətinin sərhədlərini keçir. Qoşunların tərkibində 160 mindən artıq silahlı, təlim görmüş erməni Şərqi Anadolu ərazisində fürsətdən bəhrələnərək qətliama başlayır. Sağ qalan türklər ev-eşiyindən didərgin düşür. Boşaldılan torpaqlarda Şərqi Anadoluda yaşayan azsaylı ermənilər və ruslara arxalanaraq, onlarla birlikdə əli silahlı gələnlər heç bir günahı olmayan yerli türk əhaliyə qarşı misli görünməmiş azğınlıqlar edirlər. “Daşnaksütyun” bütün könüllü erməniləri xəbərdar edərək bildirir ki, ruslardan alınmış silahları qətiyyən geri qaytarmaq olmaz. Əks təqdirdə rus hökumətinə qarşı döyüşmək lazım olacaqdır.

Rus qoşunları 18 may 1915-ci ildə Vanı, 1916-cı il fevralın 16-da Ərzurumu, 05 mart Bitlisi, 6 martda Rizeni, 15 martda Tərcanı işğal edirlər. Ruslarla birlikdə hərəkət edən ermənilər 1918-ci ilin əvvəllərinədək bu ərazidə 2 milyondan artıq günahsız türkü qətlə yetirir, yüzlərlə yaşayış məskənini yerlə yeksan edirlər. Erməni cəlladları körpə uşaqları süngülərə keçirib gedəcəkləri yolun sağına və soluna düzüb, onların arasından keçərək, bundan zövq alırdılar. 1918-ci ilin əvvəllərində Şərqi Anadoludan geri dönən ermənilərə bildirilir ki, Türkiyə ərazisi Rusiya torpaqları deyil. Köçün Cənubi Qafqaza, Şərqi Anadoluda törətdiyiniz əməlləri həyata keçirin, ərazini təmizləyin, sizə burada dövlət quraq. 1917-1921-ci illərdə bu qətliamlar Cənubi Qafqazda-Azərbaycan torpaqlarında davam etdirilir.

Dünyanın bir çox aparıcı dövlətlərinin başçıları bu hadisələri həmişə biganəliklə müşayiət ediblər. Sanki, belə olmalı imiş. İkili standartlar həmişə olub, bu gün də var.

Birinci Dünya müharibəsi illərində Osmanlının təbəəsi olan erməni döyüşçüləri xəyanətə əl atır, silahı türklərə qarşı yönəldir, kütləvi şəkildə Rusiyaya tərəf keçirlər. Arxada isə erməni silahlıları dinc türkləri, müsəlmanları qırıb, hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırırlar. Vəziyyəti nizama salmaq üçün 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi “Təhcir haqqında” (Köç haqqında) qanun qəbul etməyə məcbur olur.

Aprelin 26-da baş komandanlığın yeni əmri çıxır. Bu əmrlə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilir. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

27 may 1915-ci ildə “Söbh və isqan haqqında” (“Köç”) qanun qüvvəyə minir. Bu qanun Şərqi Anadolu ərazisində daim problem yaradan, xarici qüvvələrlə işbirliyinə girən və əsgəri baxımdan böyük təhlükə törədən əhalinin öz təhlükəsizlikləri üçün daha etibarlı və idarəçilik baxımından da rahat olan ərazilərə köçürülməsindən bəhs edirdi. Göründüyü kimi, qanunda “erməni” kəlməsi işlədilməyib. Bu qanun silahlı üsyan törədənləri, düşmənlə əməkdaşlığa girərək casusluq və xainlik edənləri hərbi anlayışlarla müharibə ərazisindən uzaqlaşdırmaq üçün qəbul edilib. Türkiyənin başlıca məqsədi özünə qarşı arxadan vurulan zərbənin qarşısını almaq olub.

Osmanlı arxiv sənədlərində köçürmə zamanı ölənlərin sayı barədə məlumat verilir. Belə ki, köçürülən 478.758 ermənidən 382.148 nəfəri köçürülən bölgələrə gəlib çatmışdır. Müharibə şəraitinin çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin sayı isə 200 min nəfərə yaxın olmuşdur. Ölən ermənilərin sayının 1.200.000-dək şişirdilib. Hətta ölənlərin sayı ildən-ilə artırılır. Utanmadan bu rəqəmi indi 3 milyona çatdıran erməni saxtakarları da vardır.

Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini və sağlamlıqlarını qorumaq üçün jandarm qüvvələri və həkim dəstəsi ayrılmışdı. Ermənilər Suriya və Livan ərazisinə köçürülmüşdülər.

1916-cı il oktyabr ayında olan başqa bir məlumata görə, təxminən 702 min 900 nəfər erməni köçürülmüşdü. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi qondarma hadisənin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün isə ermənilər heç bir həqiqətə söykənməyən, 1 milyon 500 min nəfər erməninin qırıldığından yazırlar.

Professor Ədalət Muradov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,
YAP İdarə Heyətinin üzvü

*

https://news.unec.edu.az/xeber/125-universitet/7400-bold-red-24-aprel-hadisesinin-ermenilerin-oldurulmesi-ile-hech-bir-elagesi-yoxdur-bold-red

70 3