Yanvarın 15-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib. Layihənin ilk günündə “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofiq Quliyev, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov və “Azərbaycan tarixi” kafedrasının professoru Nizami Süleymanov nümunəvi dərs keçiblər.
Professor Tofiq Quliyev “İnsan potensialının idarə edilməsinin müasir problemləri” adlı məruzəsində aktual məsələlərə diqqət çəkib. “İnsan potensialı” anlayışını təhlilindən danışan T.Quliyev qeyd edib ki, problemin həlli üçün geniş spektrli araşdırma aparılmalıdır. Qarşıya çıxan müasir problemlərin gələcək nəsillərə təsir səviyyəsinin minimumlaşdırmağın yolları açıqlanıb. Professor onu da bildirib ki, coğrafi ərazi insan potensialının idarə edilməsində əsas faktorlardan hesab edilir. Regional əmək bölgüsü ilə sosial-iqtisadi inkişaf arasında əlaqənin detalları haqqında məlumat çatdırılıb.
Professor Zabit Aslanov “Sistemli yanaşma əsasında maşınqayırma sənayesi məhsulunun keyfiyyətinin idarə edilməsi metodlarının işlənməsi” mövzusunda çıxış edib. Z.Aslanov bildirib ki, idarəetmə nəzəriyyəsi və praktikasının təhlili əsasında maşınqayırma sənayesi məhsulunun keyfiyyətini idarə edilməsinin əsas tendensiya və istiqamətləri müəyyənləşib. Sistemli yanaşma əsasında metodların işlənilməsi, təkmilləşdirilməsi, metodoloji müddəalarının dəqiqləşdirilməsi və müasir təsəvvürlərin inkişaf etdirilməsi məsələlərindən danışılıb.
Professor Nizami Süleymanovun “Azərbaycan Səfəvilər dövləti XVI əsrdə” mövzusu bir sıra maraqlı məqamlarla yadda qalıb. Məruzəçi tarixi faktlar əsasında Səfəvilər dövlətinin digər imperiyalar ilə münasibətlərini təhlil edib. Baş verən müharibələrin strateji əhəmiyyətindən danışan N.Süleymanov, həmçinin diplomatik əlaqələrin inkişaf istiqamətlərinə də diqqət çəkib.
Qeyd edək ki, layihə çərçivəsində bir ay boyunca UNEC-in professor və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. Dərslərdə universitetin müəllim heyəti, doktorant, dissertant, gənc müəllim və əməkdaşlarla yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.