Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı fəaliyyətini davam etdirir.
Proqrama əsasən, UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Fariz Quliyev Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutunda Avropa Kredit Transferi Sisteminə uyğun olaraq, akademik yükü 7.5 kreditə bərabər olan “Neft və Qaz sənayesi və daşınmasının maliyyə menecmenti” fənnini müvəffəqiyyətlə tədris edib və bu, onun qeyd edilən proqram çərçivəsində fəaliyyətinin uğurlu davamı olub.
Magistrlər mühazirələri maraqla dinləyiblər. Magistrlərə “müəssisələrin birləşməsi”nin mühasibat üçotu və maliyyə hesabatlarında əks olunması metodologiyası, beynəlxalq maliyyə, qiymətli kağızlar və əmtəə bazarında maliyyə ailətləri ilə ticarət, maliyyə derivativləri ilə risklərin idarə olunması (hedging) və əmtəə bazarlarına aid digər mövzular tədris edilib.
İnstitutda keçirilən digər tədbirdə, Fariz Quliyev TAP əsas ixrac boru kəmərinin əhəmiyyəti, onun gələcək iqtisadi və sosial faydası və “Neft və qazın idarə edilməsi və daşınması” üzrə magistr proqramının qısa müddətdə magistrlərə verəcəyi fayda barədə tələbə və müəllim heyəti qarşısında çıxış edib.
UNEC və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanan beynəlxalq akademik əməkdaşlıq memorandumuna əsasən, hər iki təhsil müəssisəsi arasında akademik heyətin mübadiləsi, elmi tədqiqatların aparılması və təhsilin digər istiqamətlərində əməkdaşlıq davam etdiriləcək.