Respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Departamenti EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixindən etibarən tam hüquqlu üzv qəbul edilib.
Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD – idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənibhazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.
Qlobal miqyasda tanınmış bu təşkilat dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, onların biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.
Azerbaycan Dövlət İqtisad Universitetinin MBA Departamenti EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşmasına və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığına geniş imkanlar yaradır.