Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.
Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.
UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən professor, Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildirib.
Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər Mevlana mübadilə proqramının genişləndirilməsi və Erasmus+ mübadilə proqramında əməkdaşlıq imkanlarını müzakirə ediblər.