Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) dünyanın nüfuzlu universitetlərinin standartlarına uyğun olaraq 2015/2016-cı tədris ilindən əcnəbi tələbələrin qəbul qaydalarını elektronlaşdırıb.
Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan ADİU 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.
Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyyə məktubu da tələb olunur.
Növbəti mərhələdə isə abituriyentlər “Skype” vasitəsilə müsahibəyə dəvət ediləcək.
Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.