Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qiyabi təhsil alan 1-ci kurs tələbələri ilə görüş keçirib. Universitet rəhbəri ali məktəbdə həyata keçirilən yeniliklər barədə tələbələrə məlumatlandırıb.
Rektor çıxışında qiyabi təhsildə ilk dəfə kredit sisteminə keçilməsindən danışıb. Ə. Muradov bildirib ki, əyanə və qiyabi təhsil formasında oxumasından asılı olmayaraq bütün tələbələrə universitetdə bərabər şərait yaradılıb. Gənc müəllimlərin tədris prosesinə cəlbi istiqamətində atılan addımlardan danışan rektor, yaşı 30-a qədər olan magistr təhsilli gənclər arasında elan edilən müsabiqəyə 411 nəfər müraciət etdiyini və onlardan 117 nəfərin birinci mərhələyə seçildiyini bildirib. Onların arasından seçilən 20 nəfər müəllim adını qazanıb. Təhsildə innovasiyanın tətbiqinin əhəmiyyətindən söz açan Ə.Muradov “Elektron universitet” layihəsi barədə məlumat verib.
Qiyabi təhsil alanların asudə vaxtlarının daha səmərəli keçirmələri üçün UNEC-in Yaradıcılıq mərkəzinin və Radio UNEC-in imkanlarından yararlanmaq məsləhət görülüb.
1-ci kurs tələbələrinin stimullaşdırılması barədə sualına cavab verən rektor qeyd edib ki, imtahan sessiyasında hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü veriləcək. Həmçinin rektor, tələbələrə təqaüd və təcrübə proqramlarında aktiv iştirak etməyi tövsiyə edib.
Tələbələr tərəfindən səsləndirilən təkliflər rektor tərəfindən dəyərləndirilib.