Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı tədbir keçirilib.
UNEC-in əsas və 2-ci tədris binalarının professor-müəllim heyəti ilə keçirilən görüşdə rektorun müşaviri Elşən Bağırzadə differensial əmək haqqı sisteminin mahiyyəti barədə məlumat verib. Bildirib ki, UNEC-də müəllimlərin heyətinin xidməti fəaliyyəti obyektiv kriteriyalar əsasında qiymətləndirilərək əmək haqları differensiallaşdırılacaq. Sistemin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.
Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç əsas istiqaməti – elmi, tədris və özünüinkişaf – nəzərə alınmaqla həyata keçirilir. Ümumi qiymətləndirmədə elmi fəaliyyətlərin xüsusi çəkisi 40%, tədris fəaliyyətlərinin 40%, özünüinkişaf fəaliyyətlərinin isə 20%-dir. Hər üç istiqamət üzrə müəyyən edilmiş 12 kriteriya əsasında hər bir müəllim üçün “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır. Hər bir kriteriya bir çox fəaliyyəti özündə birləşdirir və hər kriteriya ümumi qiymətləndirmədə müəyyən xüsusi çəkiyə malikdir. Bu sistemin şamil olunduğu professor-müəllim heyətinin “Müəllimin İllik Fəaliyyət Bal”ları maksimumdan minimuma qədər sıralanmaqla UNEC-də müəllimlərin illik reytinq siyahısı tərtib olunur. Reytinq siyahısı üzrə müəllimlərin elmi-pedaqoji fəaliyyəti illik xidməti fəaliyyət ballarına görə “əla”, “çox yaxşı”, “yaxşı”, “kafi”, “qənaətbəxş” və “qeyri-qənaətbəxş” kateqoriyalarına ayrılır. “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” universitet orta göstəricisinin 50%-dən aşağı olanların elmi-pedaqoji fəaliyyəti “qeyri-qənaətbəxş” kateqoriyasına aid olunur.
Professor-müəllim heyətinin xidməti fəaliyyəti hər tədris ili üçün qiymətləndiriləcəkdir. Müəllimlər hər tədris ilində 1 sentyabr – 30 iyun tarixlərini əhatə edən elmi-pedaqoji fəaliyyətləri haqqında məlumatları müvafiq qaydada internet üzərindən sistemə daxil edəcəklər və reytinq siyahısını hazırlayacaqlar. Məlumatlar sistemə təsdiqedici sənədləri ilə birlikdə daxil olunmalıdır. UNEC-in “Professor-müəllim heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsi üzrə Daimi Komissiya” bu məlumatların təsdiqedici sənədlər əsasında doğruluğunu yoxladıqdan sonra sistem tərəfindən qəbul edilməsinə icazə verir. Hər hansı elmi-pedaqoji fəaliyyətin təsdiqedici sənədini elektron qaydada sistemə daxil etmək mümkün olmadıqda isə, müəllim həmin sənədin orjinalını komissiyanın katibliyinə (UNEC-in “İnsan resursları” şöbəsinə) təqdim edir.
Sistem UNEC-də tədrisin elektron idarə olunması məqsədilə tətbiq olunan “Eduman” sistemi ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Hər tələbə semestrin sonunda şəxsi kabinetindən sistemə daxil olaraq həmin semestr ona dərs deyən müəllimləri “Tələbələrin Müəllimi Qiymətləndirmə Anketi”ni elektron qaydada dolduracaq. Qiymətləndirmə nəticələri həmin müəllimin illik fəaliyyət balı hesablanan zaman sistem tərəfindən elektron qaydada istifadə ediləcəkdir.
Sistem çərçivəsində müəllimlərin əmək haqlarına nəzərdə tutulan artım məbləğləri hər tədris ilinin əvvəlində elan olunur. Universitetin imkanlarından asılı olaraq bu məbləğlər illər üzrə dəyişə bilər. UNEC-də professor-müəllim heyətinin 2015-2016-cı tədris ili üzrə reytinq siyahısına müvafiq olaraq illik xidməti fəaliyyət balı universitet orta göstəricisinin 50%-dən çox olan müəllimlərin 2016-2017-ci tədris ilində aylıq əmək haqqları bu qaydada artırılacaqdır: reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əmək haqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əmək haqqı isə 1,2 dəfə.
Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayır. Reytinq siyahılarında qeyri-qənaətbəxş nəticə göstərənlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və yaddaş qeydləri paylanılıb.
Professor-müəllim heyəti ilə görüş universitetin digər korpuslarında da keçiriləcək.