Avropa Kollecinin (College of Europe) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. Kollecin baş məsləhətçisi Pavel Mixalski və əməkdaşı Judita Fiedin iştirak etdiyi tədbirdə iki təhsil ocağı arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı qonaqlara UNEC-in beynəlxalq əlaqələrinin prioritet istiqamətləri və universitetdə yaradılan “Avropa iqtisadiyyati” laboratoriyasi haqqında məlumat verilib. Danışıqların yekununda Avropa Kolleci ilə UNEC arasında mümkün əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Sonda Avropa Kollecinin nümayəndələri UNEC-in SABAH mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbi ilə tanış olaraq, tələbələrlə görüş keçiriblər.
Qeyd edək ki, Avropa Kolleci Avropa araşdırmaları üzrə müstəqil elmi tədqiqat universitetidir. Universitetin əsas binası Belçikanın Bruq şəhərində yerləşir. Kollecin digər bir kampusu Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərir. Tələbələr digər ölkələrdən həmin dövlətlərin nazirlikləri ilə əməkdaşlıq çərçivəsində seçilir və qəbul rəqabət şəraitində aparılır. Burada təhsil almaq istəyən tələbələr ingilis və fransız dillərini müəkəmməl bilməlidirlər. Magistratura pilləsində oxuyan tələbələr 1 illik tədris prosesindən sonra diplom və sertifikat əldə edə bilirlər. Kollecdə professor heyyəti arasında Avropa ölkələrində yüksək vəzifələrdə çalışan dövlət xadimləri və diplomatlar üstünlük təşkil edir.