Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Klublar Assosiasiyası tələbələr arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2015-ci il üçün Azərbaycan çempionatı keçirib. Azərbaycan dilində təşkil edilən yarışda 30-dan çox ali təhsil müəssisəsinin komandaları iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı İntellektual Klubu” ikinci yeri tutaraq, gümüş medal və kubok qazanıb. Komandanın koordinatoru, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Anar Eyyubov, kapitanı Türyan Məmmədov, üzvləri isə Məhəmməd Abbasov, Çingiz Məmmədov, Elçin Şabanov, Ürfan Orucov, Tərlan Əsədlidir.
Çempionatda birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası, üçüncü yerə isə Bakı Dövlət Universitetinin komandası layiq görülüb.
Qeyd: “İqtisadçı İntellektual Klub”u yarandığı müddətdən iştirak etdiyi bütün yarışlarda UNEC hər zaman ilk üçlükdə yer alıb. Klub ölkənin ən güclü komandalarından biri olaraq qalır.