Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində Xocalı soyqırımının 24 illiyinə həsr olunan təbdir keçirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İstehlak mallarının ekspertizası kafedrasının müdiri, professor Əli Həsənov Xocalı hadisələrinin XX əsrin ən böyük faciələrindən biri olduğunu bildirib.
Fakültə dekanı, dosent Tofiq Osmanov Azərbaycan hökumətinin dəstəyi ilə ictimai dairələrin “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətinin dünya standartları və beynəlxalq hüquq normalarına əsasən soyqırım kimi dünya ölkələri tərəfindən tanınması istiqamətində apardığı fəaliyyəti xüsusi vurğulayıb.
Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov hadisələrin kökündə dayanan problemlərdən, onların qaynaq mənbələrindən, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədlərindən, hadisə zamanı törətdikləri vəhşiliklərdən, xüsusi işgəncə və amansızlıqla yerinə yetirdikləri kütləvi soyqırımın təfərrüatlarından söhbət açıb.
Sonda tələbələrin ifasında Xocalı soyqırımına aid şeirlər səsləndirilib, sənədli videoçarx nümayiş etdirilib.