Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin struktur rəhbərləri iştirak ediblər. Rektor Ədalət Muradov UNEC ilə Agentlik arasında əməkdaşlığın genişləndirilməsindən, qeyri-akademik transkriptin tətbiqi sahəsində görülən işlərdən və qarşıda duran hədəflərdən danışıb. O, ölkəmizdə ilk dəfə tətbiq olunan və tələbələrin çoxşaxəli bacarıqlarını qiymətləndirməyə yönələn “Əmək Bazarına Hazırlıq İndeksi”nin əhəmiyyətini vurğulayıb.
Sadiq Əliyev UNEC-in daim yeniliyə açıq və tərəfdaşlığa hazır universitet olduğunu qeyd edərək, yeni layihə haqqında ətraflı məlumat verib. Sədr qeyd edib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” tələbələrin qeyri-akademik fəaliyyətlərinin qiymətləndirilməsi, səriştələr arasında balansın təmin olunması və onların dəstəklənməsini hədəfləyir. Yeni yanaşma, biliklə yanaşı bacarığın da əmək bazarında uğurun əsas göstəricisinə çevrildiyini nümayiş etdirir. Sadiq Əliyev layihənin ilkin olaraq UNEC-in “Maliyyə” ixtisasında tətbiq olunacağını bildirib.
Daha sonra Agentliyin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı təqdimatla çıxış edərək layihənin strukturu, əsas məqsədi, ölçü meyarları və nəzəri istinadları haqqında məlumat verib. O bildirib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanıb və əmək bazarında dəyişikliklərə uyğunlaşma baxımından mühüm yenilikdir. Layihə çərçivəsində qeyri-akademik fəaliyyətləri təhlil edilən tələbələrin nəticələrinə əsasən onlara fərdi inkişaf istiqamətində tövsiyələr veriləcək.
Təqdimatdan sonra layihə UNEC-in struktur rəhbərləri ilə müzakirə olunub və pilot olaraq universitetdə tətbiqinə dair qərar qəbul edilib.