Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) unec.edu.az saytının mobil proqramının tətbiqinə başlanılıb. Ölkənin dövlət ali təhsil müəssisələri içərisində ilk dəfə UNEC-də həyata keçirilən mobil-tətbiqetmə proqramını 3 dildə – Azərbaycan, rus və ingilis dillərində istifadə etmək mümkün olacaq.
Proqramın təqdimat mərasimində UNEC məzunu, Safaroff şirkətinin texniki direktoru Zülfüqar İsmayılzadə mobil tətbiqetmənin əhəmiyyəti və istifadə qaydaları haqda məlumat verib. Bildirib ki, universitetin rəsmi saytı əsasında yaradılan mobil-tətbiqetmə kompakt, yığcam və sadələşdirilmiş formatda olduğunda istifadə qaydaları çox asandır. Bununla yanaşı proqram daha sürətlə işləyərək, trafikdən az istifadə olunmasına və vaxta qənaət edilməsinə görə rəsmi saytın imkanlarından daha üstündür. Mobil-tətbiqetmə xüsusi telefon formatında hazırlanıb. Məlumat nəzərdən keçirildikdə miqyasdan istifadə edərək müxtəlif istiqamətlərə sürüşdürmələrə ehtiyac qalmır.
Təqdimat mərasimində qeyd edilib ki, proqramın daha bir üstünlüyü istifadəçilərə “Push Notification” göndərilməsidir. Bu yenilik müştərilərlə birbaşa əlaqədə olmağa imkan verəcək. Proqram vasitəsilə yeni əlavə edilən məlumatlar haqqında istifadəçiyə “xəbərdarlıq”, “xatırlatma”, uzun müddət istifadə etmədikdə “yadasalma”göndərilir.
Bildirilib ki, saytda ən əsas operativ hissənin “Xəbər-Elan” olduğundan proqramda ilkin səhifə kimi “Xəbərlər və Elanlar” bölməsi yerləşdirilib. İstifadəçi yeni məlumatın daxil olması barədə xəbər və elanların qarşısında “>n” sayının ekrana çıxması ilə məlumatlandırılır (n – istifadəçi tərəfindən oxunmamış xəbər-elanların sayıdır). Burada, saytda olduğu kimi – Xəbərlər şəkillərlə, Elanlar isə şəkilsiz, qabarıq formalı tarixlərlə təsvir edilib. Mobil-tətbiqetməyə daxil olmadıqda xəbər və elanlar barədə istifadəçiyə mütəmadi olaraq “push-notifications”göndərilir ki, bu da onların daxil olan məlumatlardan vaxtında xəbər tutmalarına şərait yaradır.
Bundan başqa, istifadəçi oxuduğu məlumatı avtomatik olaraq facebook, twitter, whatsapp-da paylaşa və digər istifadəçilərə göndərə biləcək.
Tədbirdə mobil proqramın bölmələri barədə də məlumat verilib. Bildirilib ki, mobil-tətbiqetmənin 3 hissədən ibarət olan University bölməsində UNEC haqqında məlumatlar (tarixi, nailiyyətlər və s.) yerləşdirilib.
Student’s Cabinet və Teacher’s Cabinet-də müəllim və tələbələrin ən çox istifadə etdiyi EDUMAN sisteminə daxil olmaq mümkündür. Bununla da istifadəçilərin EDUMAN sisteminə əlçatanlığı təmin edilib.
Library adətən mobil applikasiyalarda özünə yer tapan “stolüstü kitablar” bölməsidir. Burada dərsliklər, universitetdə nəşr olunan kitablar elektron variantda yerləşdirilib. Kitabların əlifba sırası ilə düzülüşü onlardan istifadəni daha da sadələşdirəcək.
“İqtisadçı” qəzetinin oxucuları Publications bölməsinə daxil olaraq, qəzetin bütün sayları ilə tanış ola biləcəklər.
Həmçinin proqram vasitəsilə Radio bölməsində istifadəçilər Radio UNEC-də yayımlanan xəbərləri, tələbə verilişlərini və musiqiləri rahat dinləyəcəklər.
Bundan başqa, Contact us bölməsində UNEC-in bütün qurumlarının əlaqə telefonları yerləşdirilməklə istifadəçinin telefonuna yüklənmiş olur. Beləliklə, istifadəçi universitetin istənilən qurumu ilə telefon əlaqəsi yarada bilir.
Təqdimatdan sonra UNEC əməkdaşlarının və tələbələrinin təklifləri dinlənilib və suallar cavablandırılıb. Bildirilib ki, daxil olan təkliflər araşdırılaraq, mobil-tətbiqetmə proqramında mütəmadi əlavələr ediləcək.