Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 12 oktyabr 2012-ci ildə müraciəti əsasında “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalı 16 noyabr 2012-ci ildə Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.
“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalının məqsədi iqtisad və digər sosial elmlərin (tarix, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və s.) müasir və ümumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə üstünlük verməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası – dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında yeni tələblər qoymuşdur. Həmin tələblərə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universiteti “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalı üçün 2012-ci ilin yanvar ayında “ISSN 2306-8426” Beynəlxalq Standart Seriya Nömrəsi alınmışdır.
Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır .
Qeyd edək ki, “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalı 2013-cü ildən azərbaycan, ingilis və rus dillərində çap edilir. Jurnal ildə 4 (dörd) dəfə çap ediləcəkdir.
*
“UNEC Journal of Engineering and Applied Sciences” jurnalının ilk nömrəsi 2022-ci ilin yanvarında çapdan çıxıb.
Jurnalda dərc edilmiş məqalələrlə rəsmi web səhifəsindən (www.unec-jeas.com) tanış ola bilərlər. Jurnalda məqalələr yalnız ingilis dilində qəbul edilir və redaksiyaya daxil olan məqalələr mütəxəssislər tərəfindən yoxlanıldıqdan və müsbət rəy aldıqdan sonra dərc edilir. “UNEC JEAS” elmi tədqiqat işləri ilə yanaşı, icmal məqalələr və qısa annotasiyaların da dərcini həyata keçirir. Məqalələrin qəbulu rəsmi səhifədəki müraciət bölməsindən yerinə yetirilir. Jurnalın rəsmi web səhifəsi dünyada tanınmış beynəlxalq nəşriyyatların tələblərinə uyğun tərtib edilib.
UNEC JEAS jurnalının baş redaktoru “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, professor Rövnəq Rzayevdir. Jurnalın beynəlxalq redaksiya heyətində mühəndislik və tətbiqi elmlər sahəsində çalışan dünyanın müxtəlif ölkələrinin aparıcı elmi-tədqiqat mərkəzlərinin və universitetlərinin yüksək ixtisaslı, beynəlxalq səviyyədə tanınmış alimləri təmsil olunur.
“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin təsisçiliyi ilə 1994-cü ildən nəşr olunur. Jurnal yarandığı gündən redaktoru Azərbaycan EA-nın müxbir üzvü, i.e.d., prof. T.C.Vəliyev olmuşdur. Hazırda jurnala universitetin rektoru prof. Ə.Muradov rəhbərlik edir.
Yarımillik nəzəri və elmi-praktik səciyyəli jurnal bu aspektdə respublikada nəşr olunan yeganə jurnaldır. Son dövrlərdə jurnalın müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində sistemli dəyişikliklər həyata keçirilməkdədir.
Jurnalın səhifələrində iqtisad elminin ən müxtəlif sahələrini əhatə edən, nəzəri və praktik əhəmiyyətə malik, müasir dövrün gerçəkliyini elmi cəhətdən əks etdirən sanballı məqalələr nəşr olunur. Jurnalda universitetin qabaqcıl və təcrübəli professor-müəllimlərindən Ə.Muradovun, T.Quliyevin, T.Hüseynovun, Q.Manafovun, S.Səbzəliyevin, M.Əhmədovun, Ə.Babayevin, habelə bir çox başqalarının sanballı elmi məqalələri çap edilir. Jurnalda eyni zamanda gənc tədqiqatçıların elmi araşdırmalarına da ayrıca yer verilir. Artıq jurnalın beynəlxalq səviyyədə tanınması yönümündə konkret nəticələr əldə olunmuşdur. Beynəlxalq seriya nömrəsi (ISSN 2220-8739) almaqla yanaşı jurnalın strukturunun və dərc edilən məqalələrin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi başa çatmışdı. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı 2012-ci ildən ingilis dilində çap edilir. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı EBSCO Databases və Journal of Economic Literature in American Economic Association Publications kimi tanınmış indekslərdə qeydiyyatdadır. Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.