Rusiya Təbii Elmlər və Beynəlxalq Menecment Akademiyalarının akademiki, Moskvadakı Beynəlxalq Universitetin professoru Georgiy Saqolov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Tanınmış iqtisadçı UNEC-də “Müasir dünyada yeni meyllər və aktual problemlər” mövzusunda keçirilən konfransa qatılıb.
Konfransın moderatoru, UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov iştirakçılara qonaq haqqında, onun dünya iqtisadiyyatı, sosial biznes, sosial siyasət sahəsində yazdığı monoqrafiya və kitablardan danışıb.
UNEC-in professor-müəllim heyəti, elm xadimləri qarşısında çıxış edən G.Saqolov dünya iqtisadiyyatında baş verən proseslərə öz münasibətini bildirib, müasir qlobal iqtisadi problemlərdən, onların yaranma səbəblərindən və həlli yollarından, sosial biznesin əhəmiyyətindən, inkişaf etdirilməsi qaydalarından danışıb. Bildirib ki, uğurlu iqtisadi islahatların əsasını texnologiya, instutisional inkişaf, investisiya yatırımı, maliyyə mənbəyinin olması və keyfiyyətli işçi qüvvəsi təşkil edir.
Sonda konfrans iştirakçıları professor Georgiy Saqolova suallarını veriblər və mövzu ilə bağlı fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.