Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc İqtisadi Tədqiqatlar Klubu” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi tələbələrdə elmi-tədqiqat işinə marağı artırmaqdır. Tədbirdə UNEC tələbələri ilə birlikdə iş adamları da iştirak ediblər.
UNEC TEC sədri Əvəzağa Məlikov iştirakçılara cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Sonra “Avtoqraf” jurnalının təsisçisi və baş redaktoru Ramin Musayev “Qloballaşan dünyada uğurlu biznes qurmaq” mövzusunda çıxış edib. Bildirib ki, biznesdə uğur qazanmaq üçün ən vacib amil çeviklik, planlılıq və təşkilati bacarıqların formalaşdırılmasıdır.
Tələbələrə uğurlu karyera qurmaq imkanlarından danışan “Caspian Development Bank”ın departament direktoru Sənan Həsənov bildirib ki, gənclərin elmi-tədqiqata önəm verməsi çox vacibdir. Elmi-tədqiqat uğurlu karyeranın təməlidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.