UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası 29 dekabr 2016-cı ildən 2 fevral 2017-ci ilədək davam edəcək. Yazılı və test üsulu ilə keçiriləcək imtahanlara 12 mindən çox tələbə qatılacaq. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçiriləcək.
Sessiya dövründə hər həftənin şənbə günü UNEC rektorunun QHT, KİV və ictimaiyyət nümayəndələri ilə birgə keçirəcəyi “Açıq qapı”da tələbələrin bütün müraciətləri dinlənilərək, operativ tədbirlər görüləcək. Sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslər Radio UNEC-in canlı efirində tələbələrin suallarını cavablandıracaqlar. QHT nümayəndələri tələbələr arasında imtahan sessiyası ilə bağlı anonim sorğu da keçirəcəklər.
Elmi Şuranın növbəti iclasında əsas müzakirə mövzusu sessiyaya hazırlıqla bağlı olub. UNEC rektoru, professor Ədalət Muradov yeniliklərin tədbiqində əsas məqsədin tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi olduğunu bildirib.
Ə.Muradov sessiyanın sonuna kimi kitabxana və oxu zallarının saat 09.00-da 22.00-a kimi tələbələrin ixtiyarına verilməsi, imtahana hazırlaşarkən sıxlığı aradan qaldırmaq üçün tədris binalarında xüsusi auditoriyalaların ayrılması, onların fasiləsiz internetlə təmin edilməsi ilə bağlı göstəriş verib.
Tədris və təlim texnologiyları üzrə prorektor, professor Damət Bağırov deyib ki, tələbələrin rahat şəkildə imtahan vermələri üçün universitetin bütün tədris binalarında zəruri şərait yaradılıb. 430 kompüter quraşdırılmış imtahan zallarında gün ərzində üç mindən çox tələbə imtahan verə biləcək.
Şura üzvləri 2016/17-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığı qənaətbəxş hesab ediblər.
Elmi Şurada UNEC Katibliyi, Karyera Mərkəzi və Tərcümə Mərkəzinin əsasnamələri geniş müzakirəyə çıxarılaraq qəbul edilib.