Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə filialın direktoru, professor Orucəli Rzayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs edib. Qeyd edib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Bu gün ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, uğurlara imza atır. Azərbaycanın qazandığı müvəffəqiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi isə hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən O.Rzayev bayramlar münasibəti ilə bütün kollektivi, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.
Tədbir UNEC tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Fəal tələbələr fəxri fərmanla təltif ediliblər.