“Azərbaycan müəllimi” qəzetinin redaksiya heyəti UNEC-də qış imtahan sessiyasının gedişi ilə tanış olub. Universitetin tədris binalarında yazılı və test üsulu ilə keçirilən imtahanlarda qəzetin baş redaktoru Bayram Hüseynzadə, baş redaktor müavini Sarvan İbrahimov, şöbə müdirləri Yusif Əliyev, Niyazi Rəhimov, Samirə Kərimova və Şakir Cəfərov iştirak edib. Bütün tədris binalarında yaradılan “Qərargah”ların fəaliyyəti ilə tanış olub, müraciətləri dinləyən jurnalistlər sessiya dövründə tələbələr üçün yaradılan şəraiti müsbət qiymətləndiriblər.
Texnologiya və dizayn fakültəsinin tələbələrinin dizayn ixtisasından yazılı imtahanını izləyən KİV nümayəndələri UNEC tələbələrinin istedad və bacarıqlarının bir arada cəmlənməsini xüsusi vurğulayıblar. Yaz semestrində UNEC tələbələrinin əl işləri ilə tanış olmaq məqsədilə fakültəyə səfər edəcəklərini bildiriblər. İmtahan öncəsi tələbələrlə fikir mübadiləsi aparan B.Hüseynzadə onların imtahana hazırlıq səviyyəsinin yüksək olduğunu bildirib.
Daha sonra “Azərbaycan müəllimi” qəzetinin məsul işçiləri UNEC nəzdində Maliyyə-İqtisad Kollecində olublar. Kollecin dərs otaqları və kitabxanası ilə tanış olan jurnalistlər qış imtahan sessiyasının gedişini də izləyiblər. Bildirilib ki, kollecdə tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə imtahanlar ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilir.
Jurnalistlər Apellyasiya, İşçi-nəzarət komissiyaları və “Qərargah”ın fəaliyyətini də izləyiblər. Baş redaktor B.Hüseynzadə müraciətlərin operativ araşdırılaraq, tələbə məmnuniyyətinin təmin edilməsini müsbət hal kimi dəyərləndirib: “Maliyyə-İqtisad Kollecində UNEC-in kiçik modelini müşahidə etdik. Tam əminliklə deyə bilərik ki, kollecdə də eyni ilə UNEC-də olduğu kimi, tələbə mərkəzli tədris prosesi həyata keçirilir”.