Aprelin 17-də UNEC-də “Qan ver, yaşat”” devizi altında qanvermə aksiyası keçirilib.
“Ümumdünya Hemofiliya Günü” münasibəti ilə təşkil edilən xeyriyyə aksiyasında UNEC-in professor-müəllim heyəti, tələbə və əməkdaşları iştirak ediblər. Aksiyada iştirak edən hər bir donora “Sağlam ailə” klinikasından pulsuz “chekup” müayinəsi kuponu təqdim edilib.
“Qan ver, yaşat!” qanvermə aksiyasını “LAYF” Xeyriyyə İctimai Birliyi və Mərkəzi Qan Bankı birlikdə həyata keçiriblər. Aksiyaya qatılan tələbələrə bildirilib ki, aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə “Ümumdünya Hemofiliya Günü” elan edilib. Bu günün təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır. Bu günün aprelin 17-nə təsadüf etməsinin səbəblərindən söz açaraq, Dünya Hemofiliya Federasiyasını yaradan Frenk Şnaybelə hörmət əlaməti olaraq, onun doğum günü seçildiyi bildirilib.