Bu gün UNEC-in əbədi tələbəsi Fuad Rzayevin xatirə günüdür.
Rzayev Fuad Məmmədəli oğlu 1971-ci il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhər Nizami rayonu 145 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olaraq, Uçot-iqtisad fakütəsində təhsil alıb.
1989-cu ilin dekabrında Fuad Rzayev ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1992-ci il oktyabrın 1-dən Nizami rayon Komissarlığının sərəncamı ilə Azərbaycan Respublikasının Milli Qvardiyasında xidmət edib. Təhsilinə qiyabi şöbədə davam edən Fuad Rzayev Dağlıq Qarabağ uğrunda aparılan hərbi əməliyyatlarda, birbaşa Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Fuad Rzayev 1993-cü il iyunun 4-də Gəncə hadisələri zamanı dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi yolunda şəhid olub.
İyunun 8-də Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin anası Fəridə Rzayeva UNEC-ə gələrək, burada ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edir, övladı barədə xatirələrini UNEC-in professor-müəllim və tələbə heyəti ilə bölüşüb. Fəridə xanım oğlunun təhsilə, elmə önəm verməsi ilə yanaşı, Vətənini, dövlətini sevdiyini, onun yolunda hər zaman fədakarlığa hazır olduğunu bildirib: “Fuadın qəhrəmanlığı təkcə özündən kiçik qardaşlarına yox, Azərbaycan gəncliyinə bir örnəkdir!”