Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Almaniyanın Siegen Universitetinin “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” mövzusunda birgə layihəsinin açılış mərasimi keçirilib. Siegen Universitetində keçirilən tədbirdə UNEC-in nümayəndə heyəti də iştirak edib.
Mərasimi açıq elan edən Siegen Universitetinin departament direktoru, layihənin Almaniya tərəfdən olan rəhbəri, professor Petra Muq (Petra Moog) layihə haqqında ətraflı məlumat verib. Layihəni maliyyələşdirən Alman Akademik Mübadilə Xidmətinə (DAAD) təşəkkür edən P.Muq layihənin hazırlanmasında fəal iştirakına görə UNEC-ə təşəkkürünü bildirib.
Professor P.Muq dörd il ərzində reallaşdırılacaq layihə çərçivəsində sahibkarlıq, biznes, maliyyə və menecment təhsili sahəsində UNEC-ə dəstək göstəriləcəyini, hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə çoxsaylı qış və yay məktəblərinin keçiriləcəyini, gənc alimlər və doktorantlar üçün tərəfdaş universitetdə bir ay müddətində tədqiqat aparmaq imkanın təqdim ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən UNEC nümayəndə heyətinin rəhbəri, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor dosent Şahin Bayramov layihənin hər iki universitet arasındakı səmərəli əməkdaşlıqda yeni mərhələnin başlanması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, ikitərəfli əməkdaşlıq ali təhsil sahəsində Almaniya təcrübəsinin Azərbaycana gətirilməsinə mühüm töhfə verəcək. Layihə çərçivəsində hər iki universitet arasında birgə magistratura proqramının yaradılması məsələsi də müzakirə edilib.
Tədbirdə UNEC nümayəndə heyəti Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı, eləcə də, universitetin tədris proqramları, biznes inkubator layihəsi, karyera mərkəzi, beynəlxalq magistratua və dotorantura mərkəzinə dair ətraflı məlumat verib.
Tədbirdə iştirakçıların UNEC-lə bağlı sualları cavablandırılıb.
Açılış mərasimində Siegen Universitetinin struktur bölmələrinin rəhbərləri, Almaniyanın Nord HaynVest əyalətinin İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi, Almaniya Ticarət Palatasının adı çəkilən əyalət üzrə bölməsinin rəhbəri, bir sıra yerli şirkətlərin təmsilçiləri və tələbələr iştirak ediblər.
Sonra layihə işçi qrupunun iclası keçirilib. İclasda layihə çərçivəsində həyata keçiriləcək tədbirlər və digər texniki-təşkilati məsələlər müzakirə olunub. Görüşdən sonra, UNEC nümayəndə heyəti və Siegen Universitetində layihə çərçivəsində keçirilən ilk qış məktəbində iştirak edən 10 UNEC tələbəsi ilk Siegen şəhərində yerləşən Krückemeyer şirkətini ziyarət ediblər.