“Azərbaycan müəllimi”: “Auditoriyadan çox səngərdə faydalı ola bilərəm…”

26 YANVAR 2018 | VIEWS:

“Azərbaycan müəllimi” qəzeti

“Əbədi tələbələr”
Auditoriyadan çox səngərdə faydalı ola bilərəm…

Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Şamil Rəcəbov

“Əsir düşərgəsi” layihəsi üzərində işləyəndə anama söz vermişdim: “Kitabı təhvil verim, daha bir müddət bu mövzuya qayıtmayacağam”. Sözümə sadiq qaldım, 2017-ci ildə heç öz kitabımın belə qatını açmadan ancaq PR fəaliyyəti ilə məşğul oldum. Xoşbəxt idim, sevdiyim işi görürdüm, ancaq bir qarabağlı kimi özümü çox faydasız hesab edirdim. Mənə görə, nə qədər ki biz – Qarabağı görən ən son qarabağlılar həyatdadır, bu mövzunu gözardı etməyə haqqımız yoxdur…

Bu ildən, müharibənin torpaqlarımızda ilk duyulduğu gündən 30 il keçdiyi bir zamanda Lent.az ilə yeni bir yola çıxırıq. “Əbədi tələbələr” layihəmizdə qəhrəmanlarım alışdığınız kimi girovlar yox, könüllülər olacaq…

90-ların ən ağır günlərində təhsilini yarımçıq qoyub könüllü Qarabağa yollanan, bu torpaq uğrunda şəhid olan, hər yaddaşda bir xatirəsilə ilişib qalan əbədi tələbələr…

Əbədi tələbələrin əksəriyyəti subay olub, onlardan geriyə yalnız bu gün başqa ocağın çırağını yandıran sevdikləri qızların ürəyində nisgil, anaların gözündə heç qurumayan yaş və oxuduqları universitetlərin arxivində üzərinə “Rəhmətə gedib” yazılan şəxsi işləri qalıb…

Bu layihədə onlar haqda yaddaşlarda qalan pərakəndə xatirələri bir yerə toplamağa çalışacağam. Nə qədər alınacaq, bilmirəm… Çünki bu layihənin ideyası yaranarkən düşünürdüm ki, “Əsir düşərgəsi”ndən fərqli olaraq, “Əbədi tələbələr”də qəhrəmanları tapmaq çətin olmayacaq. Axı 90-larda o mənhus çadır hər məhəllədə heç olmasa bir dəfə qurulmuşdu…

Amma…

Onlarla gələcəyin xəyalını birgə quran qızlar indi əsgər analarıdır, cəbhə xəttindən başqa xəbərlər gözləyir, dualarında Allaha gizlicə “Barı bu dəfə ümidimi qırma, gözümü yolda qoyma” pıçıldayırlar…

İndi o könüllülərin çoxunun valideyni dünyasını dəyişib… Axı hər ölən şəhid valideyni ilə o şəhid torpağa bir daha gömülür…

Onlar haqqında əsasən bacı-qardaşları danışa bilər ki, böyük təəssüf hissi ilə bildirirəm, mən heç bir sualıma cavab verə bilməyən şəhid qardaşları ilə rastlaşdım… Bu münasibətdən Rasim Qaracanın “90-cı illərdə bütün könüllülər savaşa yollandı, yerdə qaldı könülsüzlər” sözlərinə sığınırdım. Nəhayət, qardaşı haqda bütün sualları əzbərdən cavablayacaq, hətta məni onun sinif, qrup yoldaşları ilə tanış edəcək insanlara rast gəldim…

…Və “Əbədi tələbələr” layihəsinin ilk qəhrəmanını təqdim edirəm – Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Şamil Rəcəbov.

***

II Şəhidlər Xiyabanındayam. Müsahibimlə görüşə gəlmişəm. Dəqiq yerini bilmirəm, amma ayaqlarım necəsə məni çəkib düz onun qarşısına gətirir. Baxışlarını uzaqdan tanıyır, addımlarımı yeyinlədirəm. Anası Aminə xanımın səsi qulağıma gəlir: “Şəhidlər Xiyabanında bütün məzarlar bir boyda, bir biçimdədir. 23 ildir ki, heç adını oxumadan, şəklinə baxmadan gedib düz Şamilin qarşısında dayanıram. Məni ora çəkib aparan sehrini duyduqca anlayıram oğlumun nə qədər əzəmətli olduğunu…”.
Qəribədir, bu sehr məni də öz-özünə çəkib apardı. Üz-üzə dayanıb, susduq. Baxışları hüzursuzluğından, sanki biz ayrılan kimi yenidən döyüşə yollanacağından xəbər verir. Söhbətə haradan başlayacağımı müəyyən edə bilməyib, xatirəsinə addım-addım yaxınlaşıram.

Əvvəlcə dostu, Qol.az saytının baş redaktoru Aydın Bağırov danışır:

– Şamili görəndə çox balacaydım, ona görə də yadımda çox dumanlı qalıb. Amma yaddaşımda mehriban bir oğlan kimi qalıb Şamil. Həmişə məni görəndə üzümdən öpürdü. Onu indiyə qədər tanıdığım qonşular arasında ən mehriban və istiqanlı insan kimi xatırlayıram. Ümumiyyətlə, tək Şamil deyil, onların bütün ailə üzvləri yaddaşımda elə o cür – gözəl, saf insanlar kimi qalıblar. Amma Şamil… Şamil başqa idi. Onun ölüm xəbərini eşidəndə hələ heç 14 yaşım tamam olmamışdı. Dünyanı uşaq kimi dərk etdiyim zamanlar idi, insan və Vətən itkisinin nə olduğu mənə təbii ki, tam olaraq çata bilməzdi. Ancaq bir onu dəqiq xatırlayıram ki, Allahverdi Bağırovdan sonra ikinci dəfə idi ki, ölümünə ağladığım insan (tək şəhid yox) Şamil olmuşdu…

İndi də Şamili xatırlayanda Ağdamda babamgilin məhəlləsində futbol oynadığım günlər yadıma düşür… İndi onun haqqında danışanda mənə elə gəlir ki, üzündən nur yağan o yaraşıqlı gənc oğlan yenə futbol oynadığımız o məhəllədə şux yerişi ilə görünəcək, məni üzümdən öpəcək və bizə qoşulub futbol oynayacaq…

Sonra qardaşı Vaqif Rəcəbov davam edir:

– Şamil 1989-cu ildə hərbi xidmətə getdi… Rusiyanın Xabarovski vilayətinə… Vətənə dönən kimi, 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil oldu…”.

Yola buradan davam edirəm. Universitetin arxivindən şəxsi işini tapıb, qiymətləri ilə tanış oluram. 27 il öncə qəbul imtahanlarında yazdığı yazılara toxunuram… Attestatında da, qəbulda da qiymətləri eynidir – “5”.

Universitetin həyətində şəhidlərin xatirəsi əbədiləşdirilən memorial kompleksdən boylanan Şamil haqda elə buuniversitetin müəllimi və 10 il bir sinifdə oxuduqları Pərviz Quliyev danışır:

– 1977-1988-ci illərdə Ağdam şəhər 5 nömrəli orta məktəbində bir sinifdə oxumuşuq. Dəyanətli və qorxmaz insan idi, dostlarına qarşı çox mərd idi… Mən Şamilin kiminsə xətrinə dəydiyini xatırlamıram. Nə sinfimizdə, nə də paralel sinifdə o yaraşıqda, boy-buxunda uşaq yox idi. Boyu haradasa 1.90 idi, indinin özündə də kişilər arasında belə ucaboy insan az tapılır. O boya uyğun da bədən quruluşu, ağ dərisi və gözəl üz cizgiləri var idi. Yəni daim bütün sinifdən seçilirdi… Yuxarı siniflərdə lap yaxın dost idik, elə oldu ki, ali məktəbə də birlikdə hazırlaşdıq… Bakıya, qəbul imtahanına da bizi rəhmətlik atası Kamil dayı gətirdi…

– İqtisadçı olmaq öz arzusu idi?

– Açığı, uşaqlıqdan ikimizin də bu sahəyə həvəsimiz var idi. O dövr üçün ən nüfuzlu fakültə hüquq fakültəsi sayıldığından bir çox gənc “yurfak”a can atırdı. Hətta bir dəfə müəllim soruşmuşdu ki, “Şamil, sən belə yaxşı oxuyursan, atan mağaza müdiridir, imkanınız yaxşıdır, niyə “yurfak”a hazırlaşmırsan?”. Şamilin o cavabı, o səsi bu günə qədər də qulağımdan getmir… Elə qətiyyətlə cavab verdi ki… “Hüquqşünas olub gedib harada işləyəcəyəm? Prokurorluqda? Müstəntiq olacağam? Deməli, kimdənsə rüşvət almalıyam?! Mən rüşvət ala bilmərəm!”.

Hədsiz insani keyfiyyətləri var idi… Xarakterində kişilik, mərdlik aşıb-daşırdı… Elə bunun da nəticəsi idi ki, bu savaşa biganə qala bilmədi… Şamil çox imkanlı ailənin övladı idi, tələbə idi, Bakıda evləri var idi, indi bu göstəricilər kiməsə yanlış müqayisə kimi görünə bilər, amma bunlar hamısı fakt idi. Yəni Şamili müharibəyə getməyə məcbur edən yox idi, hərbi xidmətini başa vurmuşdu, Bakıda qalıb təhsilinə davam edə bilərdi. Ancaq dedi ki, dostlarımız hamısı müharibəyə gedir, mən qala bilmərəm… Mən indi auditoriyadan çox səngərdə faydalı ola bilərəm… Evdə üç qardaşıq, ən azından birimiz orda olmalıyıq, qardaşlarım isə hələ uşaqdır…

Onu da mütləq vurğulamaq istəyirəm ki, mühit də burada çox önəmli rol oynayırdı. Çünki Ağdam şəhəri bu savaşda altı min şəhid verib və onların böyük əksəriyyəti elə Şamil kimi könüllülər idi… Ürəyində təpər tapan hər kəs döyüşə yollanırdı… Səngərdə hamımızın evindən, ailəsindən mütləq ən azı bir nəfər var idi. Mənim kiçik qardaşım sovet ordusunda xidmət edən ən sonuncu çağırışçılardan idi. 1992-ci ildə, əmrləri çıxmazdan iki ay öncə beş azərbaycanlı Volqoqradda hərbi hissədən qaçıb gəlmişdi ki, könüllü olaraq Azərbaycan ordusuna qoşulub erməniyə qarşı vuruşaraq torpağımızı müdafiə etsin. 20 yaşı var idi, Bəhruz Quliyev…

– Şamillə sonuncu görüşünüzü necə xatırlayırsınız?

– Qardaşım Bəhruz 1992-ci ilin mayında şəhid oldu. O vaxt Ağdamda elə ağır döyüşlər gedirdi ki, onu Bərdə rayonunda dəfn edib, hüzr mərasimini Yevlaxda dayımgildə etdik. Bir ildən sonra isə qardaşımın il mərasimində vəziyyət nisbətən sakit olduğundan Ağdamdakı evimizdə yığışdıq. Onda bütün sinif yoldaşlarım gəlmişdi… Həmin görüş də Şamil ilə sonuncu görüşümüz oldu… 1993-cü ilin may ayı… Onda dedi ki, mən də cəbhəyə getmək istəyirəm…

– Döyüşə gedəndən sonra Bakıya, ailəsinin yanına hansı ara ilə gəlirdi?

– O vaxtlar könüllülər cəbhəyə gedəndən sonra ataları arxalarınca gedib komandirə “anası xəstədir, aparım görüşsün” deyir, bir neçə günlük icazə alıb evə gətirir, sonra oğullarını geri qayıtmağa qoymurdu. Bu hal bir neçə dəfə olmuşdu, hətta televiziyada da bu haqda məlumat verirdilər. Mən bilirəm ki, Kamil dayı belə hərəkət edəcək adam deyildi, çünki o, Şamilin könüllü döyüşə yollanmasını xüsusi fəxrlə deyirdi. Yanına da tez-tez gedib-gəlirdi. Onu bilirəm ki, bir neçə dəfə təklif edib ki, icazə alıb Şamili evə gətirsin, anasıgillə görüşdürsün, Şamil qəti etiraz edib ki, deyərlər atası Şamili oğurlayıb apardı, olmaz! Müharibə başa çatsın, özüm gələcəyəm… Hətta bir neçə günlük Bakıya gəlməyi belə özünə sığışdırmırdı. Elə “məndən nigaran qalma, burdayam, döyüş yoldaşlarım da yanımdadır, onları qoyub gedə bilmərəm” demişdi… Bütün bunları mənə rəhmətlik Kamil dayı danışmışdı… Şamil son döyüşə qədər postu tərk etməmişdi…

– Son döyüş haqqında nə bilirsiniz?

– Çox ağır döyüş olmuşdu… Döyüş yoldaşları danışırdılar ki, ermənidən çox ruslar var idi. Tanklarla hücum ediblər… Şamilin yarası da… tank mərmisindən idi…

– Sinifdə və qrupda Şamildən başqa şəhidiniz var?

– Məktəbimiz nə qədər şəhid verdi… Bu savaşın ilk şəhidləri olan Əli ilə Bəxtiyar da bizim məktəbin məzunları idilər…

– Uşaqlığınız da, gəncliyiniz də Şamillə birlikdə keçib. Şamilin çox açıb-ağartmadığı sirlərinə bələdsiniz…

– Hələ orta məktəbdə ikən bizdən bir sinif yuxarıda oxuyan qızı dəlicəsinə sevirdi. Şamil tələbə olanda ailəsi qızı başqasına nişanladı. O, bu hadisədən çox sarsılmışdı… Kamil dayı mənə demişdi ki, Şamillə danış, onu başa sal…

Şamilin könüllü müharibəyə getdiyindən ailəsi sonradan xəbər tutub. Qardaşı Vaqif Rəcəbov belə deyir:

– Ağdam işğal olunandan sonra Bakıya gəlmirdi, deyirdi Gəncədəyəm. Bir neçə dostu orada universitetdə oxuyurdular. Amma bir gün xəbər tutduq ki, Gəncədə deyil, könüllü döyüşməyə gedib…

– Deməli, evdən icazəsiz getmişdi?

– Özü yaxşı bilirdi ki, atam heç nə deməyəcək, amma anam mane olmaq istəyəcək… Ana ürəyi elədir ki, oğlunu öz əli ilə müharibəyə göndərməz…

– Könüllü döyüşə getdiyini biləndə reaksiyanız necə oldu?

– Atam fəxr edirdi ki, oğlu könüllü döyüşür. Biz də fəxr edirdik. Şamillə hamımız qürur duyurduq. Anam narahat idi, atam da daima ona deyirdi ki, öz torpağımız uğrunda döyüşür. Üç oğlumun biri döyüşməlidir, ya yox…

– Bilirəm ki, Şamil döyüşdüyü müddətdə evə gəlməyib, məktub yazmayıb. Sonuncu görüşünüzü necə xatırlayırsınız?

– Mingəçevir Politexnik İnstitutunun I kurs tələbəsi idim, bazar gününün birində getdim Şamilin yanına. Ağdamın Qərvənd kəndi istiqamətində döyüşürdü. Bütün günü bir yerdə olduq, həm hərbi hissədə, həm də Şamili tanıyan bir neçə evə qonaq getdik. Həmin günü sevincimin hədd-hüdudu yox idi. Axşam da məni Mingəçevirə yola saldı, gəldim…

O günü anası Aminə Rəcəbova xatırlayır:

– Atası tez-tez yanına gedib-gəlirdi. Sonuncu görüşlərində də “Hamınızdan incimişəm, Ağdamsız necə yaşaya bilirsiniz?” – deyib. Elə ondan 5 gün sonra da… 1994-cü il, aprelin 18-də ermənilər Ağdamın Qərvənd kəndi istiqamətinə qəfil hücuma keçəndə Şamilgil postda 25 nəfər olublar. Onu bilirəm ki, çox ağır döyüş olub, cəmi dörd nəfər sağ çıxa bilib. 21 hərbçi isə şəhid olub. Əvvəl bizə xəbər gəldi ki, Şamil əsir düşüb, sonra dedilər ki, şəhid olub. Balamın yolunu düz 43 gün gözlədim. 1994-cü il iyunun 1-də II Şəhidlər Xiyabanında dəfn edildi…

– Digər hərbçi yoldaşları… İyirmi nəfər…

– Heç birinin məzarı yoxdur…

– Hadisədən 43 gün keçmişdi, Şamilin nəşi olduğundan əmin idiniz?

– Oğlumla sonuncu dəfə görüşməyə atası qoymadı… Dedi “özüm baxmışam, Şamildir”… O vaxt 24 ildə ilk dəfə həyat yoldaşımın gözlərində yaş gördüm. Lap körpə uşaq kimi hönkürdü… Nə qədər soruşdum güllə harasından dəyib, diqqətlə baxdınmı, bəlkə heç Şamil deyil, bəlkə oğlum sağdır, əsir götürüblər”. Ancaq hönkürdü, başqa heç nə demədi… Dünyadan köçənə qədər də Şamilin nəşini necə görməsi haqqında nə mənə, nə də qardaşlarına heç nə demədi…

– Həmin döyüşdən sağ çıxa bilən dörd hərbçi ilə görüşə bildiniz?

– Evimizə gəlmişdilər. Danışdılar ki, aprelin 18-də Şamil səhər yuxudan qanıqara oyanmışdı ki, “pis yuxu görmüşəm, öləcəyəm”. Deyiblər “ömrün uzanıb”, cavab verib ki, “yox, mən öz yuxumu görmüşəm. Amma özümə görə narahat deyiləm, onsuz da könüllü döyüşə gələndə hər şeyi gözə almışdım. Ata-anamı düşünürəm, necə olacaqlar? Bir də… axı hələ Ağdamı azad etməmişik… Bəs məni harada dəfn edəcəklər?”.

Qardaşı Vaqif Rəcəbov:

– Mingəçevirdə kirayədə qalır, tez-tez anamın yaxınlıqda yaşayan əmisi qızıgilə gedib-gəlirdim. Bir gün gedəndə dedi ki, eşitmişəm Ağdamda vəziyyət çox pisdir, əsir düşənlər var, get, gör Şamil necədir… Elə həmən dəqiqə yola çıxdım. Yaxşı yadımdadır, bazar günü idi. Dördyolda maşından düşdüm, orada gördüm ki, vəziyyət həqiqətən gərgindir, polislər toplaşıb və Qərvənd kəndi istiqamətinə heç kimi buraxmırlar. Sən demə, artıq Qərvənd işğal edilibmiş… Neyləyəcəyimi bilməyib, bir daşın üstündə oturdum…

Az keçmiş bir nəfər yaxınlaşdı ki, kimsən, niyə burda oturmusan? Dedim Kamilin oğluyam, qardaşım könüllüdür, ondan xəbər almağa gəlmişəm. Dedi Şamili görmüşəm, yaxşıdır. Mən də görmək istəyirəm dedim, “səni buraxmayacaqlar, heç kimi buraxmırlar”, dedi. “Burada oturmağın əbəsdir, ora gedə bilməzsən, ordan da buraya gələsi deyillər, vəziyyət gərgindir…”.

Hərbçilər ağır texnikalarla yanımızdan ötüb o istiqamətə gedirdi… Səmada işıqlar yanıb sönür, hiss olunurdu ki, döyüş davam edir…

Bakıya gəldim ki, evimizə Şamilin ağır döyüşlərdə əsir düşməsi xəbəri gəlib. Atam həmən Ağdamın Qərvənd kəndinə yola çıxıb… Arada mən də atamın yanına gəldim, Xındırıstan kəndində bir yaxın adamın evində gecələyir, səhər açılan kimi polis şöbəsinə gəlir, bütün gününü burada keçirirdi. Şamildən xəbər almaq üçün əlindən gələni edirdi. Günlər keçirdi, heç bir xəbər ala bilmirdi. Məni Mingəçevirə göndərdi ki, dərslərimə davam edim. Mayın sonunda bir gün dərsdən evə gələndə gördüm anamın əmisi qızı qapıda məni gözləyir: “Vaqif, tez Bakıya get, Şamildən xəbər var!”.

– Artıq Şamilin sonuncu döyüşündən 43 gün keçmişdi. Xəbərin nə olduğunu düşünürdünüz?

– Bir ailə dostumuz atama demişdi ki, Şamil şəhid olub, nəşi işğal olunan ərazidə qalıb. İndi atam “balamı verin, aparıb dəfn edim”, deyirdi. Amma ümid sonuncu ölür, mən yenə də Bakıya bir an öncə çatmaq istəyirdim. Yeni Yasamala düşən enişdən baxanda iki binanın arasından bizim həyətimiz görünür. Bax, o enişi düşəndə gördüm ki, həyətdə çadır qurulub… Artıq hər şey dəqiq idi, ümidə yer qalmırdı…

Evə gəldim ki, qardaşım çox əsəbidir, ağlayır ki, mən Şamili görmək istəyirəm. Atam isə onu sakitləşdirirdi ki, sən görməklə Şamili tanıyan deyilsən, mən onu ayağındakı çapığından tanımışam…

Həmin döyüşdə şəhid olan iyirmi bir nəfərdən yalnız Şamilin nəşini geri almaq mümkün olub. Necə? Bu haqda əfsanəvi komandir Şirin Mirzəyevin batalyonunda kəşfiyyat komandiri olan, Milli Ordumuzun qurucularından biri, Rəcəbovlar ailəsinin yaxın dostu Əkbər Məmmədov danışır:

– Həmin döyüşdən sağ çıxan dörd nəfər yaxşı bilirdi ki, biz yaxınıq. Ona görə də mənə dedilər ki, Əkbər, Şamil şəhid oldu… Başından yara aldı… Tank mərmisindən… Ağdamın Cəvahirli kəndinin altından axan kanalacan özümüzlə gətirməyə çalışdıq, sonra mümkün olmadı. Üstünü ağac budaqları ilə örtdük ki, qurd-quş dəyməsin, ara sakitləşəndən sonra gəlib götürək, dəfn edək. Amma həmin ərazi işğal olundu…

Bu həmin dönəm idi ki, Kamil dayıya oğlunun əsir düşdüyü deyilmişdi. Rəhmətlik Şamili əsirlikdən xilas etməyə çalışırdı, dedim axtarma, Şamil şəhid olub…

– Şamilin nəşini necə aldınız?

– Mayın sonunda ermənilər özləri bizimlə danışığa girdilər ki, sizdə meyitlərimiz var, gəlin bizdəki meyitlərlə dəyişək. Bizdə olan 7 erməni meyitinin əvəzinə 11 şəhidimizin nəşini verməyə razılaşdılar. Onda mən onlardan Şamili soruşdum. Dedim, belə bir yerdən meyit götürmüsünüz? Dedilər yox, əgər yeri tanıyırsansa, gəl gedək bax. Əmin idim, döyüşçü yoldaşları Şamili yaxşı gizlətdiklərini demişdilər. Razılaşdığımız günü tərksilah olub, onlarla getdim…

– Həmin yeri tapmaq çətin olmadı?

– Ağdamı qarış-qarış tanıyırdım. Baxmayaraq ki, gecə saat üçün yarısı idi, düz üstünə getdim. Görən kimi bədən quruluşundan tanıdım. Üstünü toz-torpaq örtmüşdü. Ermənilər “dəqiqləşdir” dedilər. Uşaqlıqda ayağından əməliyyat olunmuşdu, onun yeri qalmışdı, açıb baxdım, Şamil idi…

– Ətrafda başqa meyit var idi?

– Şəxsən mən həmin yerdə iyirmiyə yaxın meyit saydım, amma götürə bilmədik. Danışıq ancaq Şamillə bağlı olmuşdu. Açığı, heç gedəndə o yerdə başqa meyitlər olacağını bilmirdim, orada yalnız Şamilin nəşinin gizlədildiyini bilirdim, onu gətirməyə getmişdim. Danışığımız da belə olmuşdu… Ona görə də götürə bilməzdim… Həm də mən tək idim, ancaq Şamili götürə bildim… Qucağımda Güllücə kəndinə qədər gətirdim. Orada artıq maşınımız məni gözləyirdi. Ermənilər də digər meyitləri verdilər. Şamilin nəşini Xındırıstan kəndindəki məscidə gətirdim. Tam hazır edəndən sonra Kamil dayını çağırdım… Elə ona da ayağındakı çapığı göstərdim, baxıb tanıdı…

***

…Bu, cəmi iki il tələbəlik həyatı yaşayan 23 yaşlı bir gənc haqqında yaddaşlarda qalan xatirələr idi… Əgər sizin də ailənizdə, yaxınlarınızda təhsilini yarımçıq qoyub könüllü döyüşə yollanan və şəhid olan varsa, redaksiyamızla əlaqə saxlayın. Gəlin onların hekayəsini birlikdə yazaq…

V.MƏMMƏDOVA

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle