UNEC-in Zaqatala filialında 28 May – Respublika Gününə həsr olunan “Azərbaycan xalqının tarixində parlaq səhifə” mövzusunda tədbir keçirilib.
Filialın Ümumi fənlər kafedrasının müdiri, dosent Həqiqət Qədimova bu əlamətdar günün xalqımızın dövlətçilik tarixində önəmli yer tutduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan H.Qədimova bildirib ki, Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut edib, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaradıb.
Filialın müəllimi Rəna Əliyeva “Şərqin ilk demokratik Respublikası” adlı məruzə ilə çıxış edib. Natiq çıxışında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını diqqətə çatdırıb.
Filialın tələbələrinin ifasında respublika gününə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda 28 May – Respublika Gününə həsr olunan film nümayiş etdirilib.