Distant, qiyabi və əlavə təhsil mərkəzinin qiyabi təhsil şöbəsinin 1 və 2-ci kurs tələbələri ilə görüş keçirilib

10 OKTYABR 2016 | VIEWS:
5183

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil şöbəsinin I və II kurs tələbələri ilə görüşüb.

S.Tanrıverdiyev I kurs tələbələrinə UNEC-də tətbiq edilən yeniliklərdən və tədris prosesinin müasirləşdirilməsi məqsədilə həyata keçirilən islahatlardan danışıb. UNEC-də qiyabi təhsil formasında tədrisin təşkilinin artıq iki ildir ki, kredit sisteminin tələbələrinə əsasən qurulduğunu bildirən mərkəz direktoru, kredit sisteminin mahiyyəti və prinsipləri haqqında da tələbələrə geniş məlumat verib və UNEC-də son illər uğurla tətbiq edilən və tədrisin tamamilə elektronlaşmasını təmin edən Elektron universitet modeli barədə danışıb.Tədris planlarının yenilənməsi, gənc müəllimlərin işə cəlb olunmasını xüsusi vurğulayan mərkəz direktoru xarici dil seçiminin tələbələrin öz istəyi ilə aparıldığını da diqqətə çatdırıb.

İkinci kurslarla görüşdə isə oktyabrın 3-dən payız semestrinin dərslərinin başlandığını vurğulayan S.Tanrıverdiyev 2015/2016-cı tədirs ilinin yekunları barədə söhbət açaraq, tələbələrin mənimsəmə göstəricilərini təhlil etmiş, mənimsəmə faizinin artırılması istiqamətində görülməsi zəruri olan işlərdən, qiyabi əsaslarla tədris prosesində dərslərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı prioritet məqsədlərdən danışmışdır. Qiyabi təhsildə tədris dövrünün qısa olmasını qeyd edən mərkəz direktoru, tələbələrin o qısa müddətdə daha dolğun, müasir, kreativ, elm və bilik tutumlu bir tədris metodları ilə tanış ola bilmələrinin daha zəruri olduğunu bildirərək, ümumilikdə, daha keyfiyyətli tədris mühitində təhsil almalı olduqlarının vacibliyini xüsusi vurğulamışdır. Görüşdə qiyabi təhsil alan tələbələrin tələbə həyatı yaşaya bilmələri, onların sosiallaşması, universitetin ictimai həyatında aktiv iştiraklarının təmin edilə bilməsi haqqında da geniş söhbət açılmış, tələbə təşkilatlarında tələbələrin daha aktiv iştirak etmələri istiqamətində mərkəz direktoru tərəfindən tələbələrə məsləhətlər verilmişdir.

Hər iki tədbirin sonunda tələbələri maraqlandıran suallarla bağlı geniş müzakirə aparılmış, tədris prosesinin gedişi, tələbələri narahat edən məsələlər mərkəz direktoru tərəfindən dinlənilmiş və cavablandırılmışdır.

5184 3