Mayın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Elmi Şuranın iclası keçirilib.
İlk olaraq ADİU əməkdaşlarına və tələbələrə diplom, fəxri fərmanlar təqdim edilib.
İnformatika və İdarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadə ADİU-nun İnnovativ Biznes-İnkubatorunun startap layihəsi olan sinaqimtahanı.net – “Özünü sına” layıhəsi NETTY2015 Azərbaycan Milli İnternet Mükafatını qazandığına görə universitetin fəxri fərmanı və “Ultra” şirkətinin hədiyyəsi ilə mükafatlandırılıb.
“Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının dosenti Müslüm İbrahimova iqtisad elmləri doktoru, “Qida məhsullarının texnologiyasi” kafedrasi üzrə İlhamə Kazimovaya texnika üzrə fəlsəfə doktoru, Sevinc Məhərrəmovaya biologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan tarixi” kafedrası üzrə Xədicə Abbaslıya tarix üzrə fəlsəfə doktoru diplomları təqdim edilib.
“Bank işi” kafedrasının müdiri, professor Zahid Məmmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişani ilə təltif olunub. “Mülki müdafiə” kafedrasının müdiri Əliyev Elçin “İnnovativ layihələrin reallaşmasında xidmətinə görə” Fəxri Fərmana layiq görülüb.
Tələbələrdən Dadaşova Zeynəb və Daşdəmirov Əziz Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisadiyyat Məktəbi”nin keçirdiyi olimpiadada qalib olduqlarına görə Fəxri Fərmanla təltif olunublar.
Sonra Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Müslüm İbrahimov 2014/2015-ci tədris ilində ADİU-nun beynəlxalq fəaliyyəti və əlaqələri haqqında məlumat verib.
ADİU-nun “Təcrübə və işədüzəltmə” şöbəsinin müdiri Fuad Əliyevin tələbə və magistrlərin yay istehsalat təcrübəsinin təşkili barədə hesabatı dinlənilib.