Tələbələrimizi Heydər Əliyev ruhunda, onun zəngin ideyaları işığında yeni üsul və metodlarla tərbiyə etmək, onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşərililik konsepsiyasını, idarəçilik rütbəsini öyrənmək, öyrətmək, geniş yaymaq, təbliğ etmək, bu ideyalardan faydalanmaq, gündəlik praktiki həyatda istifadə etmək məqsədi ilə universitetin rəhbərliyi tərəfindən uzunmüddətli plan tərtib edilmişdir. Buna görə də, onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə Ümummilli Liderimizin 1957-ci ildə diplom işini müvəffəqiyyətlə müdafiə etdiyi auditoriyada, universitetin rəhbərliyinin təşəbbüsü ilə 2005-ci ilin 10 dekabr tarixində Heydər Əliyev fondunun dəstəyi ilə «Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi» yaradılıb.
Mərkəzdə universitetin və digər ali təhsil müəssisələrinin (dövlət və özəl) ən yaxşı magistrləri ilə yanaşı, nazirliklər və komitə, icra hakimiyyəti işçiləri üçün «Heydər Əliyevin iqtisadi irsi» ilə bağlı xüsusi kursların təşkili planlaşdırılır. Xüsusi kurslar çərçivəsində respublikamızın sosial-iqtisadi həyatının müxtəlif sahələrində Heydər Əliyevin misilsiz xidmət və ADİU-ya həsr olunmuş mühazirələr oxunur. Bu kursun çərçivəsində mühüm məsələlər və aspektlər tam açıqlanır. Bunlardan ən mühüm aktuallıq kəsb edənləri: «Heydər Əliyevin iqtisadi uğur modeli», «Heydər Əliyevin neft strategiyası», «Heydər Əliyev və Böyük İpək Yolunun bərpası», «Heydər Əliyevin beynəlxalq inteqrasiya siyasəti», «Heydər Əliyev və Azərbaycanda xarici kapitalın axını», «Heydər Əliyev və Azərbaycanda sosialyönümlü iqtisadiyyatın yaradılması», «Heydər Əliyev və Azərbaycanda milli valyuta-maliyyə sisteminin yaradılması», «Heydər Əliyev və Azərbaycanda milli sahibkarlığın yaradılması», «Heydər Əliyev və aqrar islahatlar», «Heydər Əliyev və Azərbaycanın iqtisadi gələcəyi»dir.
Bu Respublikada Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi, təbliğ olunması sahəsində ilk təşəbbüs idi.
Universitetin təcrübəsini yaymaq məqsədilə digər ali məktəblərin alimləri, magistr və bakalavrları mühazirə dinləməyə dəvət edilir, «dəyirmi masa»lar təşkil olunur, fikir mübadiləsi aparılır.