UNEC-in Zaqatala filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
“Heydər Əliyevin siyasi portreti” mövzusunda keçirilən növbəti tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Dövlət himni səsləndirildikdən sonra filialın direktoru, professor Orucəli Rzayev Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb, dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. Ulu Öndəri bütün zamanlardan uca şəxsiyyət kimi səciyyələndirən O.Rzayev müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin həm də qətiyyətli təhsil və maarif fədaisi olduğunu diqqətə şatdırıb. Direktor xüsusi olaraq qeyd edib ki, Heydər Əliyev irsinin tələbə gənclərə dərindən təbliği və aşılanması bugünkü tədbirin əsas ideya və qayəsidir.
Məruzə böyük diqqət və maraqla dinlənilib. Məruzədən sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.
Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunan silsilə tədbirlər may ayının 10-dək davam edəcək.