1939-ci ildə İsmayıllı rayonunun Ticran kəndində anadan olmuşdur.
1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmiş və 1962-1964-cü illərdə təyinatla Əli Bayramlı (hazırki Şirvan) şəhərində yerləşən “Şirvanneftçıxarma” tresti nəzdində müxtəlif qazma kontorlarında iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir.
1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1965-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri vəzifələrində işləmişdir.
1984-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
*
1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində əvvəlcə “Sənayenin iqtisadiyyatı” kafedrasının professoru, 2001-2014-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Hazırda UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının məsləhətçi-professorudur.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Milli iqtisadiyyatın aktual problemlərinə aid 180-a qədər elmi əsərin, o cümlədən 15 kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.