i.ü.f.d., dos. Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrası
Giriş
Orta gəlir tələsi anlayışı (middle income trap) iqtisadi ədəbiyyata son dövrlərdə daxil olan anlayışlardan biridir. Bu anlayış xüsusilə inkişaf etməkdə olan ölkələrlə bağlı olduğundan dünyanın müxtəlif regionlarından olan iqtisadçıların böyük marağına səbəb olmuşdur. Orta gəlir tələsi anlayışını iqtisadi ədəbiyyata daxil edən iqtisadçılar Indermit Gill və Homi Kharasdır. Bu iqtisadçılar 2007-ci ildə Dünya Bankı üçün hazırladıqları “Şərqi Asiya Renessansı: İqtisadi Artım Üçün İdeyalar” (“An East Asian Renaissance: Ideas for Economic Growth”) adlı hesabatlarında bu anlayışdan istifadə etmişlər. Qeyd olunan hesabatda orta gəlir tələsi anlayışı və orta gəlir tələsindən çıxış yolları geniş şəkildə təhlil olunmuşdur. Sonralar bu anlayışın iqtisadi ədəbiyyatdakı yerinin möhkəmlənməsində bir çox iqtisadçıların, xüsusilə də Barry Eichengreen, Donghyun Park və Kwanho Shinin tədqiqatları mühüm rol oynamışdır. Son dövrlər dünya iqtisadiyyatında baş verən proseslər çərçivəsində Azərbaycan kimi təbii resurslara əsaslanan iqtisadiyyatların üzləşdiyi çağırışlar həmin ölkələrin elmi dairələrində bir sıra məsələlərlə yanaşı, məhz orta gəlir tələsi və ondan çıxış yollarının da müzakirəsini zəruri etmişdir.
Bu yazının məqsədi orta gəlir tələsi probleminin mahiyyəti və ondan çıxış yolları haqqında oxuculara qısa şəkildə məlumat verməkdir.
Orta gəlir tələsi nədir?
Hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir göstəricisinin müəyyən bir səviyyəsinə çatdıqdan sonra həmin səviyyəni aşa bilməməsi vəziyyətinə orta gəlir tələsi deyilir. Başqa sözlə, orta gəlir tələsi hər hansı bir iqtisadiyyatın adambaşına düşən gəlir səviyyəsinin müəyyən bir həddini keçə bilməməsi halı və ya müəyyən bir gəlir səviyyəsinə çatdıqdan sonra durğunluq vəziyyətinə düşməsi halını ifadə edir.
İlk dəfə olaraq, bu anlayışı iqtisadi ədəbiyyata daxil edən Gill və Kharasa görə orta gəlir tələsi, XX əsrdə inkişaf etmiş ölkələrə nisbətən daha yavaş böyüyən və onlarla arasındakı iqtisadi fərqi tamamlaya bilməyən orta gəlirli ölkələrin aşağı əmək haqqı səviyyəsi ilə rəqabət edən yoxsul ölkələr ilə sənayeləri yetkinləşmiş, texnoloji yeniliklərdə üstün olan zəngin ölkələr arasında sıxışıb qalmalarını ifadə edir.
Orta gəlir səviyyəsi necə müəyyən edilir?
Burada əsas metododloji məsələlərdən biri məhz hansı gəlir səviyyəsinin orta gəlir səviyyəsi kimi qəbul edilməsidir. Bu anlayış ilk dəfə ortaya atıldığı zaman ABŞ-da adambaşına düşən gəlirin 20%-nin digər iqtisadiyyatlar üçün orta gəlir səviyyəsi kimi qəbul edilməsi yanaşması əsas götürülmüşdür. Başqa sözlə, bu gün ABŞ-da adambaşına düşən gəlir göstəricisini təxminən 50000 ABŞ dolları səviyyəsində qəbul etsək, onda orta gəlir səviyyəsini 10000 ABŞ dolları kimi qəbul etmək mümkündür. Amma buna baxmayaraq, təcrübədə orta gəlir səviyyəsinin müəyyən edilməsi ilə bağlı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif yanaşmalardan istifadə edilir. Ən geniş yayılmış yanaşma isə Dünya Bankının gəlir səviyyəsinə görə ölkələri qruplaşdırması yanaşmasından istifadə edilməsidir.
Hansı iqtisadiyyatlar orta gəlir tələsinə düşmüş hesab olunurlar?
Orta gəlir tələsinə düşən iqtisadiyyatların əsas xüsusiyyətləri arasında aşağı yığım və investisiya səviyyəsi, emal sənayesinin artım tempinin aşağı düşməsi, sənaye istehsalında diversifikasiya səviyyəsinin aşağı olması, əmək bazarı tələblərinin qeyri-adekvat olması və.s göstərmək mümkündür. Bu baxımdan hər hansı bir iqtisadiyyatın təbii resursları məhduddursa, əhalisi çox və sürətlə artırsa, sənayesinin innovasiya imkanları çox aşağıdırsa onun orta gəlir tələsinə düşməsi qaçılmazdır. Aşağı əmək haqqı səviyyəsinə malik olan bu ölkələr standart emal sənayesi məhsulları üzrə yoxsul ölkələr qarşısında rəqabət gücü zəifləyən, innovasiya əsasında inkişaf edən ölkələrin isə iqtisadi səviyyəsinə yaxınlaşmaqda çətinlik çəkən ölkələrdir.
Orta gəlir tələsindən necə çıxmaq olar?
Orta gəlir tələsi, heç şübhəsiz ki, inkişaf etməkdə olan ölkələrə xas problemdir. Bu problemin nəzəri şərhi baxımından Solow Neoklassik İqtisadi Artım Modeli böyük əhəmiyyətə malikdir. Bu yanaşmaya görə texnologiya və əmək sabit qalmaqla kapital yığımına əsaslanan iqtisadi artım modeli kapitalın azalan məhsuldarlığı səbəbindən davamlı xarakter daşıya bilmir. Başqa sözlə, yalnız kapital yığımına əsaslanan iqtisadi artım müəyyən müddətdən sonra sıfır səviyyəsinə daxil olacaq və ya orta gəlir tələsinə düşüləcəkdir. Bu halda, artıq iqtisadi artımın mənbələri qismində məhsuldarlıqdakı artım, innovasiya və insan kapitalının çıxış etməsi zərurətə çevriləcəkdir. Tədiqatlar göstərir ki, orta gəlir tələsindən çıxan və yüksək gəlir qrupuna daxil olan ölkələrin əsas xüsusiyyətləri də məhz instutlaşmalarını tamamlamaları, texnologiya tutumlu istehsal strukturuna malik olmaları, elmi tədqiqatlara investisiyalarını artırmaları, yüksək əlavə dəyərə malik məhsullar ixrac etmələri, kapital bazarlarını tam şəkildə formalaşdırmaları və istehsalı yüksək ixtisaslı iş qüvvəsilə həyata keçirmələridir.
Orta gəlir tələsindən çıxmaq nə qədər asandır?
Orta gəlir tələsindən çıxaraq yüksək gəlir qruplu ölkələr sırasına daxil olmaq əksər inkişaf etməkdə olan ölkələrin hədəfi olsa da, bunu reallaşdırmaları o qədər də asan deyildir. Dünya Bankının məlumatlarına görə 1960-cı ildə 101 orta gəlirli ölkədən 2008-ci ildə yalnız 13-ü – Ekvadorial Qvineya, Yunanıstan, Honq-Konq, İrlandiya, İsrail, Yaponiya, Mavriki, Portuqaliya, Porto Rika, Koreya, Sinqapur, İspaniya, Tayvan – orta gəlir tələsindən çıxaraq yüksək gəlirli ölkələr qrupuna daxil olmuşdur. 2012-ci ildə iqtisadçılar Felipe, Abdon və Kumarın apardıqları birgə tədqiqatın nəticələrinə görə 2010-cu ildə aşağı-orta gəlirli və yüksək-orta gəlirli 52 ölkədən 35-i orta gəlir tələsindədir. Bu ölkələrin 13-ü Latın Amerikasında, 11-i Orta Şərqdə, 6-ı Səhra-altı Afrikada, 3-ü Asiyada və 2-i Avropadadır. Göründüyü kimi orta gəlir tələsi problemi daha çox Latın Amerikası və Orta Şərqdə toplanmışdır. Latın Amerika və Orta Şərq ölkələrinin 1960-cı ildə orta gəlir səviyyəsinə nail olduqları nəzərə alındıqda bu ölkələrin 50 ildən çoxdur ki, orta gəlir tələsində qalmalarının əsas səbəbi kimi ucuz əmək və bəsit texnologiyalarla rəqabət etmə cəhdini göstərmək mümkündür.
Nəticə və ya iqtisadi siyasət tövsiyəsi
Tədqiqatlar göstərir ki, orta gəlir tələsindən çıxış üçün standart iqtisadi siyasət tədbirləri mövcud deyildir. Lakin orta gəlir tələsindən çıxmış ölkələrin təcrübəsinin təhlili bu baxımdan iki əsas istiqamətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyini ortaya qoyur:
1) Məcmu faktor məhsuldarlığına əsaslanan iqtisadi artıma nail olma: Birbaşa texnoloji inkişafla bağlı olan bu istiqamət, eyni zamanda da yüksək keyfiyyətli təhsil sisteminin mövcudluğunu zəruri edir. Yaponiya, Sinqapur, Tayvan, Cənubi Koreya və İsrail orta gəlir tələsindən məhz texnoloji inkişaf və yüksək insan kapitalına əsaslanan sənayeləşmə siyasəti ilə çıxmışlar.
2) İxtisaslaşmada dərinləşmə. İxtisaslaşma aşağı məhsuldarlıqlı fəaliyyətlərdən yüksək məhsuldarlıqlı sahələrə keçidi təmin edir. Cənubi Koreyanın mikro-elektronika və yarımkeçiricilər texnologiyasındakı nailiyyətləri buna misal ola bilər.
Yuxarıda qeyd olunan hər iki istiqamət üzrə nailiyyətlərin əldə edilməsi isə ölkədə daha çox milli yığım səviyyəsinin yüksəldilməsi, elmi araşdırmalara investisiyaların artırılması və innovasiya potensialının gücləndirilməsi, yüksək ixtisaslı iş qüvvəsi üçün insan kapitalına investisiyaların yönəldilməsi, intellektual mülkiyyət və patent hüquqlarının qorunması, əmək bazarının təkmilləşdirilməsi, instutsional islahatların aparılması və infrastruktur investisiyalarının həyata keçirilməsindən asılıdır.