Aprelin 27-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin növbəti müzakirəsi keçirilib.
UNEC-in iqtisadi platformasında bu dəfə də gündəmin ən çox müzakirə mövzularından olan “Post-neft dövrünün iqtisadi inkişaf perspektivləri” mövzusu müzakirə edilib. Mövzu barədə “Beynəlxalq İqtisadiyyat” kafedrasının dosenti, rektorun müşaviri Elşən Bağırzadə çıxış edib.
E.Bağırzadə beynəlxalq təşkilatların yayımladığı hesabatların rəsmi göstəricilərinə diqqət çəkib. Ölkələr üzrə ayrı-ayrı əsas göstəriciləri və onların müqayisəsini təqdim edib. Post-neft dövründə reallaşdırılması mümkün siyasətlərdən bəhs edib, mövcud vəziyyət və gələcək perspektivlərdən söz açıb.
Tələbələrin marağına səbəb olan mövzu müzakirələrlə davam edib.
“ISE Economic Talks” layihəsi haqqında: Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. “ISE Economic Talks”da qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü”nün təşkili də nəzərdə tutulub. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə müəyyən edilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanır. Layihənin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.